14:17 24-10-2014
news_image
442
DİGƏR NÖVLƏR

2 velosipedçimiz ilk "onluq"da - FOTO

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan" veloyürüşü davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 192.8 km məsafə qət ediblər.

 

Velosipedçilərimizin ikisi - Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən 24 nəfərlik pelotonun içərisində olublar (4 saat, 32 dəqiqə, 51 saniyə). Fotofinişə əsasən Elçin 8-ci, Samir isə 10-cu nəticə göstərib.

 

Bu amil hər iki idmançımızın ümumi sıralanmada mövqelərini daha da yaxşılaşdırmalarına şərait yaradıb. Samir 8-ci yerdən 6-cı pilləyə, Elçin isə 14-cü yerdən 8-ci pilləyə yüksəlib. Komanda hesabında "Synergy Baku" əvvəlki kimi 4-cüdür.

 

Sabah keçiriləcək 6-cı mərhələdə velosipedçilər 182 km məsafə qət edəcəklər.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC "Synergy Baku" komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.