09:56 04-11-2014
news_image
794
TOP OYUNLARI

Azərbaycan çempionunun rəqibi sürpriz vəd etdi - FOTO

“Mövsümün əvvəlidi, cəmi 4 görüş keçirmişik. Serbiyalı voleybolçularımız İtaliyada milliləri ilə dünya çempionatında iştirak etdiklərindən hazırlığa qoşulmayıblar və hələ indi birgə oynamağı öyrənirik”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun baş məşqçisi Cüzeppe Kuçarini deyib.

 

“Lokomotiv”in sabiq baş məşqçisi Çempionlar Liqası öncəsi fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis “Rabitə” (Azərbaycan), Kazan “Dinamo”su (Rusiya) və “Agel”i (Çexiya) çox rəqib adlandırıb.

 

O bildirib ki, A qrupunda mübarizə heç də asan olmayacaq: “Ölkə çempionatında oynadığımız 4 qarşılaşmanın hamısında qələbə qazanmışıq. Bu qələbələr komandada yaxşı atmosfer yaratmağa kömək edib. Günbəgün, həftəbəhəftə biz fiziki hazırlığımızı yaxşılaşdırırıq. Ümid edirəm ki, noyabrın 12-də “Rabitə” ilə birinci matçımıza hazır olacağıq. Kazan “Dinamo”su isə Çempionlar Liqasının son qalibidir. Qrupumuz həqiqətən çox çətindir. Bizim üçüncü rəqibimiz “Agel” də gənc və təhlükəli komandadır. Biz ən yaxşı oyunumuzu göstərəcəyik ki, mövsümü uğurla başa vuraq. Hər oyuna maksimum diqqətlə qələbə üçün çıxacağıq. Yaxşı nəticə qazana biləcək oyunçulara da malikik. Öz voleybolumuzu oynasaq, əminəm ki, Çempionlar Liqasında sürpriz edə bilərik”.

 

Qeyd edək ki, Azərbaycan çempionu ilk görüşünə səfərdə çıxacaq.