15:57 04-11-2014
news_image
516
DİGƏR NÖVLƏR

Çində uğurlu gün - FOTO

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarışın bu gün keçirilən 4-cü mərhələsində iştirakçılar 129.7 km məsafə qət ediblər.

 

Velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb. O, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 5-ci olub - 2 saat, 41 dəqiqə, 50 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Elçin Əsədov, İsmayıl İlyasov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

 

4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 14-cü, Maksim Averin isə 17-cidir.

 

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayır. O, liderə cəmi 15 saniyə uduzur. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.