13:49 06-11-2014
news_image
1746
TOP OYUNLARI

“Araz-Naxçıvan”dan yeni xəbər: Futbolçulara deyiblər ki...

“Klubun fəaliyyətini dayandırması xəbərini eşidəndən sonra nə rəhbərliklə, nə də baş məşqçi Əsgər Abdullayevlə əlaqə saxlamışam. Bizə istirahət verildiyindən, mən Tovuzda idim. Hazırda şəxsi işlərimlə bağlı Bakıya gedirəm”. Bunu apasport.az saytına “Araz-Naxçıvan”ın mərkəz müdafiəçisi Aqil Nəbiyev deyib.

 

“Araz-Naxçıvan”da top qovan təcrübəli futbolçulardan biri də Aqil Nəbiyevdi. 32 yaşlı futbolçu hələ klubdan onları sənədlərini götürməyə çağırmadıqlarını bildirib.

 

Nəbiyev son hadisələrdən sonra belə qənaətə gəlib ki, klub yenidən fəaliyyətini bərpa edə bilər: “Futbolçuların bəziləri klubla əlaqə saxlayıb. Mən də klubla bağlı son xəbərləri onların dilindən eşitmişəm. Biz noyabrın 7-də Naxçıvanda məşqlərə başlamalı idik. Amma futbolçulara deyilib ki, biletlərinizi bir qədər gec tarixə alın. Yəni, belə başa düşdüm ki, komandanın çempionatda qalmaq imkanı var. Bu məsələ tamamilə qapanmayıb”.

 

Sonda “Turan”, “Neftçi”, AZAL, “Bakı” və “Rəvan”ın sabiq futbolçusu klubun fəaliyyətini dayandırmasını “Qarabağ”a böyük hesablı yenilgi ilə bağlamağın əleyhinə olduğunu bildirib: “Bunu futbolçular, məşqçilər və rəhbərlik də qəbul etməlidi: komandanın şəraiti və büdcəsi başqa Premyer Liqa klubları səviyyəsində deyil! Bu, reallıqdı. “Qarabağ”a 0:4 uduzmağımıza gəlincə, tək bu hesabla yenilən biz deyilik ki?! Futbolda belə hallar olur. Amma bu gün futbol baxımından “Qarabağ”la “Araz-Naxçıvan”ı müqayisə etmək düzgün deyil. İnanmıram ki, komanda məhz bu məğlubiyyətə görə dağılsın. Burda başqa şeylər ola bilər. Amma dağılma səbəblərini bilmirəm deyə sizə bunu deyə bilmirəm. Məncə, klubun fəaliyyətini dayandırmasını sırf bu məğlubiyyətlə bağlamaq düzgün olmaz”.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” fəaliyyətini dayandırma səbəblərindən biri kimi də Topaz Premyer Liqasında hakim haqsızlıqları ilə üzləşməsini göstərib.

 

Səbuhi TOFİQOĞLU