15:41 07-11-2014
news_image
553
DİGƏR NÖVLƏR

Sona 2 mərhələ qaldı

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

 

Bu gün keçirilən 7-ci mərhələdə iştirakçılar 126.2 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 47 dəqiqə. Fotofinişə əsasən Maksim Averin 12-ci, Elçin Əsədov 15-ci, Aleksandr Surutkoviç 16-cı, Samir Cəbrayılov 24-cü, Ənvər Asanov 32-ci, İsmayıl İlyasov isə 49-cu olub.

 

7 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Cəbrayılov 12-ci, Surutkoviç 16-cı, Averin isə 19-cudur.

 

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir. O, liderə cəmi 5 saniyə uduzur. İlyasov 8-ci, Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 3-cü pillədədir. Sabah keçiriləcək 8-ci mərhələdə iştirakçılar 114 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.