15:29 10-11-2014
news_image
392
DİGƏR NÖVLƏR

Velosipedçimiz Çində 3-cü oldu

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik idi.

 

Komanda hesabında "Synergy Baku" 20 kollektiv arasında 4-cü yeri tutub. Komandamız çempion olmuş Hollandiya millisinə cəmi 10 saniyə uduzub. Şəxsi göstəricilərə gəlincə, yekun sıralanmada 2 velosipedçimiz ilk 20-liyə düşüb. Bunlar 12-ci yeri tutan Samir Cəbrayılov və 19-cu olan Elçin Əsədovdur.

 

Sevindirici əsas məqam isə yarışın 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılovun fəxri kürsüyə qalxmasıdır. Azərbaycanın U-23 milli komandasının üzvü çempiondan 4 saniyə geri qalmaqla 3-cü yeri tutub və xüsusi mükafata layiq görülüb. 4 gün sonra komandamız Çində start götürəcək daha bir yarışda mübarizə aparacaq - bu, noyabrın 14-16-da keçiriləcək 2.2 kateqoriyalı "Tour of Fuzhou" yürüşüdür.

 

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.