19:11 11-11-2014
news_image
1679
TOP OYUNLARI

Avrokubok mövsümünə darmadağınla start - YENİLƏNİB

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, beynəlxalq arenada çıxış edəcək 4 komandamızdan mübarizəyə öncə “Azərreyl” başlayıb.

 

Vüqar Əliyevin rəhbərlik etdiyi Bakı təmsilçisi “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk görüşündəcə gücünü ortaya qoyub. Cütün favoriti olan “Azərreyl” Avstriya “İnsbruk”una heç bir şans verməyib.

 

Belə ki, 2 mövsümlük fasilədən sonra yenə “Çelenc Cup”da oynayan paytaxt təmsilçisi birinci seti 15 top öndə bitirib. Ardınca – ikinci hissədə rəqib çox çalışsa da, cəmi 16 xal toplayıb.

 

Üçüncü hissə də əvvəlkilərdən fərqlənməyib. Bütün mövqelərdə inamlı təsir bağışlayan voleybolçularımız çətinlik çəkmədən qarşılaşmanın hesabını müəyyənləşdiriblər – 3:0.

 

“Çelenc Cup”, II təsnifat mərhələsi, ilk oyun

 

11 noyabr

 

“İnsbruk” (Avstriya) – “Azərreyl” (Azərbaycan) - 0:3 (10:25; 16:25, 18:25)

Hakimlər: Boyan Bardiç  (Xorvatiya), Kristian Vanaveski (Estoniya)

Bakı, Voleybol Mərkəzi

 

Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah saat 15:30-da çıxacaqlar.