23:40 12-11-2014
news_image
1140
TOP OYUNLARI

“Lokomotiv” ilk sınağdan üzüağ çıxdı

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 2014/15 mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində “İqtisadçı”nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edən yeganə komanda olan “Lokomotiv” ilk matçını keçirib.

 

Ardıcıl ikinci dəfə Avropa Voleybol Konfederasiyasının adını daşıyan kuboka qatılan “dəmiryolçular” mübarizəyə 1/16 finaldan başlayıb. Avrokubokda ilk addımını Almaniyada atan “Lokomotiv” “Rote Raben”in qonağı olub. Görüşə yaxşı start verən komandamız qələbə qazanmaqda çətinlik çəkməyib.

 

Belə ki, “dəmiryolçular” ilk seti 25:17 hesabı ilə xeyrinə tamamlayıb. Bunun ardınca “Rote Raben” təmsilçimizə müqavimət göstərsə də, təcrübəli oyunçularımız onların istəyini puç ediblər – 26:24.

 

Üçüncü set də “Lokomotiv”in qələbəsi ilə başa çatıb. Komandamız bu dəfə 25:22 hesabı ilə qalib gəlib.

 

Beləliklə, rəqibini 0:3 hesabı ilə məğlub edən “Lokomotiv” ilk sınağdan üzüağ çıxıb. Bunun üçün Bakı təmsilçisi noyabrın 26-da Bakıda olacaq cavab oyununa rahat çıxa bilər.

 

 

CEV kuboku

1/16 final, ilk oyun

12 noyabr

“Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)

Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya)

Filsbiburq. Top Oyunları Sarayı