19:44 12-11-2014
news_image
1908
TOP OYUNLARI

Dramatik matç, əzmkar qələbə!

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının yeni mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümündə qitənin ən nüfuzlu klub turnirindəki marafon Bakıdakı görüşlə başlayıb.

 

Belə ki, yarışda Azərbaycanı təmsil edən iki komandadan biri, ölkəmizin ən köklü klubu olan “Azəryol” tarixində 10-cu dəfə ÇL-də mübarizəyə qoşulub. 12 il əvvəl bu yarışda debüt edən paytaxt təmsilçisi Bakıda Fransa “Nant”ı ilə üz-üzə gəlib.  

 

Bu il heyətini ulduz voleybolçularla bəzəyən “Azəryol” dramatik keçən qarşılaşmada əzmkar qələbə qazanıb. Mövsümə yeniliklərlə başlayan və ən azı “Dördlər finalı”na qədər irəliləməyi hədəfləyən komandamız doğma divarlar arasında 3:2 hesablı qələbəyə sevinib.

 

Qarşılaşmaya gəlincə, ilk set komandamızın üstünlüyü şəraitində start götürüb. Voleybolçularımız inamlı oyun sayəsində hissəni aktivinə yazmaqda çətinlik çəkməyiblər.

 

Lakin ardınca ssenari dəyişib. Fransa çempionatında “Kann” kimi məşhur komandanı məğlub edib, Bakıya gələn “Nant” təşəbbüsü ələ alıb. Rəqibin güclü oyunu voleybolçularımızı çətin duruma salıb. Bundan istifadə edən La Liqanın gümüş medalçısı ardıcıl 2 setdə qələbə qazanıb.

 

Lakin bu “Azəryol”un ruhdan düşməsinə səbəb olmayıb. Əksinə, Aleksandr Çervyakovun taktikanı dəyişməsi xeyrimizə işləyib və bakılılar rəqibin qələbə qazanmaq istəklərinin üstündən xətt çəkərək, görüşü tay-brekə daşıyıblar.

 

5-ci hissə isə sözün həqiqi mənasında, çox gərgin alınıb. Bunun nəticəsi olaraq, qalib əlavə xallarda müəyyənləşib. Burada “Azəryol” hesabda geridə olmasına baxmayaraq, Voleybol Mərkəzinə toplaşan azarkeşlərini üzməyib və əzmkar qələbə qazanıb – 3:2. 

 

Çempionlar Liqası

I tur

12 noyabr

B qrupu

“Azəryol” (Azərbaycan) – “Nant” (Fransa) - 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)

Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya)

Bakı. Voleybol Mərkəzi

 

Qeyd edək ki, Bakı klubunun yer aldığı qrupun digər matçında Rumıniya çempionu “Ştiinta” Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək.