15:28 12-11-2014
news_image
1219
DİGƏR NÖVLƏR

“Mən hər kəsə dörd gözlə baxıb, onlara paxıllıq edirdim” - MÜSAHİBƏ

Azərbaycanlı alpinist və qayayadırmanan Yana Maşkova karyerası ilə bağlı müsahibə verib. Apasport.az saytı xanım idmançımızın müsahibəsini təqdim edir.

- Atanız alpinist olduğu üçün bu idmana necə gəldiyinizi soruşmayacağıq. Amma ən maraqlısı odur ki, siz həyatınızı məhz dağlarla bağlamaq istədiyinizi nə vaxt aydın şəkildə dərk etdiniz?

- Atam daha çox dağ turistidi, nəinki alpinist. Uşaq vaxtından yadımdadır ki, o, mənim boyda bel çantasını yığıb 21 günlük dağ səfərinə gedirdi. Üç yaşımdan etibarən istirahət günlərində daima onunla gedirdim. O dağa gedib məni götürməyəndə dəhşətli isterikalar salırdım. Atamın bütün dostları – Qorin, Karumidze, Leontyev, Voskresenskiy, Zaxarov, Orucəliyevlər və başqaları uşaqlıqdan mənə tanış olan adamlardı. Onlar mənimlə oynamağı, vaxt keçirməyi xoşlayırdılar. Onların dağlar haqqında bitməyən danışıqları isə uşaqlığımın ayrılmaz hissəsidir. Böyüyəndə mən anladım ki, bunlar sadəcə atamın dostları deyil, həmçinin Azərbaycan alpinistlərinin bir nəslidi! O zamanları xatırlayanda heyflənirəm ki, belə gec anadan oldum. Atam qızıl adamdır, çox maraqlı bir insandır. O vaxt dünyamızı təşkil edən digər adamlar də çox maraqlı, dərin, güclü insanlar idi. Lakin, günlərin bir günü, bu idmanda mənə yer varmı, deyə, şübhələnməyə başladım. 18 yaşım var idi, əsl dağ səfərlərində əməlli-başlı iştirak etməyə təzəcə başlamışdım ki, birdən məlum oldu, dağlar təkcə gözəllik, əzəmət və səyahət romantikası ilə dolu həyat deyil. Bu, həmçinin dözümlülüyünün, iradənin, qurban verə bilmə qabiliyyətinin gündəlik sınağıdı. Bu, mənim üçün bir növ kəşf oldu. O vaxt anladım ki, həyatda ən gözəl bir şeyin tərs tərəfi də var. Paradoksal səslənsə də, məhz o vaxt anladım ki, mən dağlara gedəcəyəm.

 

- İlk məşqləriniz kimin rəhbərliyi altında keçirdi? Atanız sizə kömək edirdi, yaxud əksinə, tənqid edirdi?

Yadımdadır ki, bir dəfə atamla Beşbarmaqda keçirilən qayayadırmanma üzrə respublika yarışına getdik – atamı o vaxt tez-tez hakimliyə dəvət edirdilər. Mənim 12 yaşım var idi, yarışda iştirak edənlər mənim gözümdə yaşa dolmuş adamlar idi, mən hər kəsə dörd gözlə baxıb, onlara hətta paxıllıq edirdim. Emma xala (Orucəliyeva) mənə rəsmi tapşırıq verdi – mən böyük bir stenddə iştirakçının soyadını və nəticələrini flomasterlə yazmalı idim. Bu işə görə sonra hətta ilk pulumu da aldım – düz 25 manat! Yura dayı (Yuri Qorin) qayalardan düşməməyimi görüb, başladı mənimlə məşq etməyə, qayayadırmanmanın əsaslarını öyrətməyə. Elə oradaca, Beşbarmaqda, biz, uşaqlar üçün qayayaqırmanma dərnəyinin əvəzsiz məşqçisi Yevgeniya Nəcəfova ilə tanış olduq. Onun yanına getməyə başladım, və fəxr edirdim ki, artıq mənə də qayayadırmanan deyilə bilər. Bir il sonra mən yenə də Beşbarmağa gəldim, artıq iştirakçı kimi. Bu, dəhşətli bir məğlubiyyətlə nəticələndi. O anı mən hələ bir neçə ay yadımdan çıxarmağa çalışdım. Lakin ümumilikdə baxsaq, elə o vaxt də hər şey başladı. İnanmıram ki, atam bilə-bilə məni bu idman növünə aparmağa çalışırdı. Məncə, o heç bu barədə düşünməyib. Amma yəqin ki, bunun nəinki əleyhinə deyil, hətta tərafdarı idi. Yeri gəlmişkən, bu məni həmişə təəccübləndirib – mən özüm uşaqlarımın nə vaxtsa alpinist olmalarının qətiyyən əleyhinəyəm.

 

- Uşaqlıqdan alpinizmlə bağlı atmosferdə yaşayırsınız. Atanızın dostları, öz dostlarınız – dağ aləmi ilə bağlı olmayan adamlarla ünsiyyətdə bu problem yaratmır ki? Ümumiyyətlə elə bir problem nə vaxtsa yaşanıb?

- Problem şəklində, əlbəttə ki, yox. Lakin müqayisə anı var. Məsələ burasındadı ki, alpinistlər, turistlər, ümumiyyətlə aktiv həyat tərzi sürən insanlar bir qayda olaraq xüsusi adamlardı. Onlar, aktiv, maraqlı, şən, parlaq insanlardı. Bunların içində təsadüfi adam olmur, onlar bu mühitdə çox qalmır. Sevdiyim məşğuliyyət sayəsində mənim çox gözəl dostlarım var, mən bunu yüksək qiymətləndirirəm. Elə çıxır ki, insanlara yanaşdığım zaman artıq yüksək tələblə yanaşıram. Açıq deyim ki, bu mənim heç də yaxşı xasiyyətim deyil.

 

- Deyirlər ki, kişi üçün alpinizm kişilik məktəbidi, qadın üçün isə evlilik. Siz alpinizmdə qadına elə bir yanaşma ilə rastlaşmısızmı? Ümumiyyətlə, alpinizmdə qadın nə dərəcədə onu əhatə edənlər üçün nadir və təhlükəlidi? Onun mənfi və müsbət tərəfləri nədi?

- Məncə, oxşar maraqları olan adamların yığışdığı istənilən cəmiyyət və ya klubda romantik münasibətlərin qurulması üçün xoş bir atmosfer yaranır. Üstəlik, alpinizm - gözəl mənzərələr, şəfəq-qürublar, tonqal qabağında mahnılar, cəsarətli adamlar deməkdir. Belə şəraitdə məhəbbət hekayələri olmadan keçinmək mümkündürmü? Xüsusi olaraq ərə getmək üçün alpinizmə gələn qızlar varsa da, mən elələrini tanımıram. Lakin bizim Dağ Klubumuzun 15 illik fəaliyyəti ərzində bir neçə xoşbəxt ailə qurulub və saysız roman baş verib. Qadının ümumiyyətlə alpinizmdə varlığından danışanda isə... Mən bu sualı belə qoymazdım. Dəfələrlə sübut olunub ki, qadınlar həm mənəvi, həm fiziki cəhətdən daha dözümlüdü. Bir baxın, dünya alpinizmində nələr baş verir. Qadın ikilikləri necə qalxmalar edir, nə cür divarları keçirlər. Tərslik, şıltaqlıq və iniltilər hər iki cinsin nümayəndələrində müşahidə oluna bilər. Şəxsən mənim fikrim – alpinizmdə qadınlar və kişilər tamamilə bərabərdi.

- Bu gün Azərbaycan dağ klublarında qızların sayı az deyil, lakin hansısa ciddi nailiyyətə çatan xanımlarımızın sayı çox azdı. Vəziyyət niyə belə acınacaqlıdı? Azərbaycanın alpinist xanımları ən yüksək zirvələri fəth etməyə nə qoymur?

- Prinsipcə, mən kişilər tərəfindən də belə ciddi kütləviliyi görmürəm. Azərbaycan alpinizmi o qədər də gözəl vəziyyətdə deyil. Ümumiyyətlə, kimsə fikir veribsə, milli alpinizmimiz ölkənin xaricində baş verir. Ölkəmizdə bu idman növü tənha qəhrəmanlar üçündü. Onlar hələ də sevdikləri işlə məşğul olduqları üçün qəhrəmandılar. Səbəblərini demək istəmirəm, onsuz da hər kəs mənim bu barədə fikrimi bilir, lakin onu qeyd etmək istəyirəm ki, bizim peşəkar alpinistimiz yoxdu, təkcə həvəskarlarımız var. Hansılar ki, istirahət günlərində şəhərdən kənar yerlərə gedib məşq edirlər, məzuniyyətlərini isə dağda keçirirlər. İldə bir, maksimum iki dəfə. Bu o deməkdi ki, idmanda ciddi bir nailiyyət əldə etmək olduqca çətindi, dünyada məşhur peşəkar idmançılara çatmaq isə ümumiyyətlə bir xəyaldı. Bununla yanaşı, tanışlarım arasında istedadlı və perspektivli alpinist çoxdu. Yeri gəlmişkən, içində qızlar da var. Mənim sadəcə olaraq bəxtim gətirib – idman aktivliyimin pik vaxtı elə bir vaxta təsadüf edib ki, biz ildə iki dəfədən az olmayaraq dağa gedirdik, çoxsaylı marşrutlar keçdik, bəzilərini ilk dəfə. Dağa bir dəfə qalxmaqla qaya, qar-buz və s. bir neçə marşrut keçirdik, təzə gələn uşaqlar asanlıqla üçüncü dərəcəni alırdılar. Komandamız möhkəm idi. İndi isə ölkəmizdə keçdiyim qaya qalxmaları mövcud deyil, Ekologiya nazirliyinin keçmək üçün icazə verdiyi marşrutlar siyahısında yoxdular. Belə şəraitdə alpinizmdə hansı inkişafdan danışmaq olar? Onu harada inkişaf etdirmək olar? Belə vəziyyət kədərləndirməyə bilməz. Yeri gəlmişkən, 15 il bundan qabaq bizim klubun qızlara doğurdan da ehtiyacı var idi. Adam ümumiyyətlə çox az idi, indiki ilə müqayisə oluna bilməz. Son illər vəziyyət xeyli dəyişib. Klubun aktiv idmançıları arasında qızların sayı az qala oğlanlardan çoxdur. Yəni, potensial var. İmkan olsa, nəticələr də olar!

 

- Fəth etdikləriniz də, fəth etmək istədiyiniz zirvələr barədə nə deyə bilərsiz?

- Bu sualı mənə gərək verməyəydiniz. İndi başlayacağam, dayana bilməyəcəyəm... Xüsusi olaraq xəyal etdiyim bir zirvə yoxdu. Vaxt ikən Uşbaya qalxmaq istəyirdim. İki il bundan əvvəl onun ətəklərində hətta bir az dolaşdım. Lakin mən dərk edirəm ki, burada məni daha çox dağın özü yox, onu əhatə edən əfsanə və sirlər cəlb edir. İnanmıram ki, nə vatxsa ona qalxım. Ən yadda qalan Qızıl Qaya dağına qalxmağımdı. Uzun bir marşrut, gün boyu qalxırdıq, lakin bunu böyük həvəslə, hətta deyərdim ki, ləzzətlə edirdik. Ən sevdiyim marşrutlardan biri Azərbaycanda Qızıl Qaya massivi (üçlük) və Fan dağlarında Ruziravat (dördlük) dağıdır. Elbrus mənə çox çətin başa gəldi. “Dağ xəstəliyinə” tutuldum, ona görə də zirvəyə az qala iməkləyərək qalxdım. Bir neçə dəfə öldüyümü düşündüm. Lakin necəsə qalxdım və bu maraqsız idi. Bir neçə saat ərzində sadəcə olaraq qarda yeriyirsən. Vaxt keçdikcə başa düşdüm ki, ən sevdiyim marşrutlar – qayada yay vaxtı üçüncü və dördüncü dərəcəli qalxmalardı. İsti qayalar olsun, günəş, ayağında ağır ayaqqabı yerinə qayayadırmanma üçün lazım olan vasitələr. Qarı və buzu istəmirəm. Sevdiklərimdən daha birisi – Krımdakı “multipitçi”. Əsl ləzzət verən qaxmadı. Dağ mənzərələri və dəniz fonunda. Bir dəfə gecə multipitçi macərasını yaşadım. Bunu izah etmək mümkün deyil. Dünyan yalnız alınüstü fənərlə məhdudlaşır, qalan aləmi isə səslərlə seçirsən. Unudulmaz hisslərdi. Bir sözlə, hazırda istədiyim – isti hava, gözəl təbiət, yaxşı dostlar və maraqlı marşrut. Bir də Fan dağlarına qayıtmaq istərdim.

 

- Son vaxtlar məşq edə bilirmisiniz? Hər hansısa qalxma və ya yarışlarda iştirak etməyi planlaşdırırsınız?

- Son vaxtlar müəyyən səbəblərdən məşq edə bilmirəm. Lakin dostlarımın məşqlərinə onlarla görüşmək, təmiz havada olmaq üçün gəlməyə çalışıram. Təəssüf hissi ilə dərk edirəm ki, bir çoxları kimi dəyişirəm. Məşqlər artıq ikinci plandadır. Prioritetlər dəyişir. İstərdim ki, elə olmasın.

 

- İxtisasça – mühasibsiniz. Alpinizm kimi “yüksək” məşğuliyyətdən sonra elə “quru” fəaliyyətə qayıtmaq çətin deyilmi? Yoxsa bu, əksinə, həyatdakı balansı saxlamağa kömək edir?

- Məşğuliyyətindən asılı olmayaraq dağdan qayıdan zaman adi həyata təzədən alışmaq çətindi. Dağlar bizi tərk etmir və bu proses bəzən dözülməzdi. Mənim bu baxımdan bəxtim gətirib, mən işimi çox istəyirəm. O mənə alpinizm qədər maraqlıdı. Həyatımın bu iki hissəsi bir birinə bağlı olmasa da “yola gedirlər”.

 

- Alpinistlər arasında siz qələminizlə də məşhursunuz. Fikrinizdən bir gün alpinizm haqqında kitab yazmaq keçirmi? Ümumiyyətlə, bizim bu barədə ədəbiyyatımız var?

- Bu barədə nəsə elə bir şey xatırlamıram. Düzdür, alpinizm haqqında tez-tez yazıram. Lakin kitab yazmaq ağlıma gəlməyib. Kiminsə bunu etməyə qadir olduğumu fikirləşməsi məni lap utandırır. Mən özüm ədəbi istedadım haqqında çox da yüksək fikirdə deyiləm. Amma kitab mənim həyatımın ayrılmaz hissəsidi. Sevdiyim müəllifləri oxuyan zaman bəzən az qala ağlamağa hazıram – heç vaxt belə gözəl yaza bilmədiyimi düşündüyümdən. Buna görə də kitab haqqında fikir ağlıma belə gəlməz. Mənim əsas mövzum – qısa oçerklərdi. Mənə insanın daxili aləmi daha maraqlı gəldiyindən, nə vaxtsa kitab yazmaq istəsəm, bu ya alpinizmin ümumiyyətlə nə olduğunu izah edən fəlsəfi bir iş, ya da mənə maraqlı gələn görkəmli idmançı haqqında olacaq. Belə adamların içində mən Yuri Qorun və ya Eldar Cəfərovun adını çəkə bilərdim.

AAF-nın mətbuat xidməti