11:43 18-11-2014
news_image
509
DİGƏR NÖVLƏR

Velosiped Federasiyasından pilot layihə - FOTO

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası yeni layihəyə start verir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı ilə əldə olunmuş razılığa əsasən, adı çəkilən ali təhsil ocağının fakültələrarası "Tələbə Kuboku" yarışı keçiriləcək.

 

Veloparkda təşkil olunacaq turnir noyabrın 29-da keçiriləcək və saat 11:00-da start götürəcək. Komandaların tərkibi 2-si qız və 2-si oğlan olmaqla 4 nəfərdən ibarət olacaq. İştirakçılar federasiya tərəfindən velosiped və digər zəruri avadanlıqlarla təmin olunacaq. İlk 3 yeri tutacaq komandalar federasiya tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, diplom və xatirə hədiyyələri ilə təltif ediləcək.

 

Qeyd edək ki, Pedaqoji Universitetin tələbələri arasında keçiriləcək bu yarış pilot layihədir və lazımi nəticə əldə olunacağı təqdirdə, respublikamızın digər ali təhsil ocaqları arasında ümumrespublika "Tələbə Kuboku"nun təşkili də nəzərdə tutulur.