13:13 18-11-2014
news_image
1165
TOP OYUNLARI

Katarjina Skovronska: Əsas odu ki, istədiyimi edirəm - MÜSAHİBƏ

“Rabitə”nin voleybolçusu Katarjina Skovronska Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı universal oyunçu Azərbaycan barədə danışaraq, “İqtisadçı”nın dağılmasına və Çempionlar Liqasında “Ximik”ə məğlub olmalarına münasibət bildirib.

 

- Mövsümlərarası fasilə zamanı uzun müddət istirahət etdiz. Çünki yığmada da oynamırdız. İndi vəziyyətiniz necədi?

- Heç bir zədəm yoxdu. Bu da mənim yaşımda çox vacibdi. Həyatda yaxşı və pis günlər olur. Əsas odu ki, sağlamlığım yerindədi. Belə uzun fasilədən sonra məşqləri bərpa etmək çətindi. Amma mən necə voleybol oynamağı unutmamışam. İllərlə keçdiyim hazırlıq nəticəsində müəyyən ustalıq səviyyəsinə çatmışam. İndi yalnız formamı bərpa etmək qalır.

 

- Çıxış etdiyiniz “Rabitə” də hələ mövsümün ritmini tam tutmayıb. Cəmi 2 çempionat və 1 avrokubok matçı keçirmisiz.

- Bəli, belədi. Amma bunu çox təbii qarşılayırıq. Səbirliyəm, çünki əziyyətimizin bəhrəsini sonda görəcəyimizə əminəm. Yeni komandamız var və vaxt lazımdı ki, bir-birimizə alışaq.

 

- Artıq “Rabitə”də Katarjina Skorupa kimi bir ulduz yoxdu. Bunu komandanız üçün böyük itki sayırsızmı?

- Yaxşı dost və əla toppaylayıcı ilə birgə çıxış etmək çox xoş idi. Ümumiyyətlə, ölkə xaricində çox nadir hallarda həmyerlimlə birgə oynamışam. Bu üzdən onun gedişinə çətinlik çəkmədən alışdım.

 

- Azərbaycan Super Liqasında gözlənilməz hal yaşandı. “İqtisadçı”nın dağılması ilə cəmi 5 komanda qaldı. Bunu necə qarşıladız?

- Azərbaycan çempionatında eyni komandalar bir-biri ilə daha çox qarşılaşır. Əvvəl də belə idi və “İqtisadçı”nın dağılmasından sonra da belə olacaq. Buna artıq öyrəşmişik. Mən hələ cari mövsümdə neçə oyun keçirəcəyimizi də dəqiq bilmirəm. Çünki hər şey avrokuboklardan asılı olacaq.

 

- Bakıdakı həyatınızda dəyişiklik varmı?

- Şəhərdə Avropa Oyunları ilə bağlı yeni idman qurğuları inşa olunur. Həm də mənə orada yaşamaq asandı. Çünki ikinci il Azərbaycanda olduğumdan Bakını və insanları tanıyıram.

 

- Yenidən mövqeyinizdə dəyişiklik var. Artıq hücumda daha fəal olmalısız. Bu ideya kimdən gəldi?

- Komandama hücumçu kimi daha çox lazımam. Bu səbəbdən də mövqeyimi dəyişməyə qərar verdik.

 

- Özünüz bununla razısızmı?

- Bəli. Niyə də olmasın? Əsas odu ki, istədiyimi edirəm. Əvvəllər də hücuma meyl edirdim. Bu üzdən həmin ampluada oynamağım çətin olmayacaq.

 

- Çempionlar Liqasında Polşanın “Ximik” klubuna uduzduqdan sonra qrupda favorit kimi görürsüz?

- Bir oyunda məğlub olmağımız hələ heç nə deyil. Hər komanda öz meydanında daha yaxşı oynayır. “Ximik” də həmin oyunu evdə, azarkeşləri qarşısında çıxış edirdi. Meydanda kimin güclü olduğunu hələ sübut edəcəyik.

 

- “Ximik”dəki oyunçularla şəxsi tanışlığınız varmı? Axı onlar da Çempionlar Liqasında uğur qazanmaq iddiasındadırlar.

- Bunu bilirəm. Bu komanda yüksəlişdədi. Heyəti də xeyli güclənib. “Ximik” 2 dəyişik, lakin eyni gücdə olan heyətə malikdi. Onlar Orlen Liqada da güclərini göstərirlər.