19:56 26-11-2014
news_image
1320
TOP OYUNLARI

“Lokomotiv” 1/8 finalda! - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə təmsilçimiz “Lokomotiv” mərhələnin cavab qarşılaşmasına Bakıda çıxıb.

 

Azərbaycan Super Liqasının lideri Almaniyanın “Rote Raben” klubunu sınağa çəkib. Səfərdəki inamlı qələbə ilə cütün taleyini böyük ölçüdə həll edən “dəmiryolçular” ikinci matçda müxtəlif taktiki gedişləri sınaqdan keçiriblər və bunun nəticəsində də layiqli qələbə ilə 1/8 finala yüksəliblər.

 

Belə ki, görüşün aşkar favoriti olan “Lokomotiv” almanları bu dəfə 3:1 hesabı ilə məğlub edib. İlk hissədə 25:22 hesabı ilə qalib gələn komandamız ardınca yenə rəqibindən üstün olub. Teon Buijsin yetirmələri bu dəfə seti 2 top irəlidə bitiriblər.

 

Üçüncü hissədə isə qonaqlar fəallaşıb. Rəqib ən azı 1 hissədə qələbə sevinci yaşamaq istəyinə çataraq, fərqi azaltsa da, böyük iddiaları olan “Lokomotiv” 4-cü seti uğurla bitirib. 25:17 hesablı qələbə görüşün də hesabını müəyyənləşdirib – 3:1.

 

Beləliklə, hər 2 matçı öz xeyrinə bitirən “Lokomotiv” 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi Serbiyanın “Srvena Zvezda” komandası olacaq. “Dəmiryolçular” ilk görüşünü dekabrın 9-11-də səfərdə, cavab qarşılaşmasını isə 1 həftə sonra paytaxtımızda keçirəcək.

 

Qeyd edək ki, “Srvena Zvezda” Sloveniyanın “Kalsit” mübarizədən kənarlaşdırmaqla, mərhələ adlayıb. Onlar da “Lokomotiv” kimi səfərdə 3:0, evdə 3:1 hesabı ilə qələbə qazanıblar.

 

CEV kuboku

1/16 final, cavab oyunu

“Lokomotiv” (Azərbaycan) – “Rote Raben” (Almaniya) - 3:1 (25:22; 25:23; 22:25; 25:17)

Hakimlər: Alim Batyuk (Ukrayna), İskra Zidaniç (Xorvatiya)

Bakı. Voleybol Mərkəzi

İlk oyun: “Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)