16:04 26-11-2014
news_image
2334
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatında ilk medalımız - FOTOSESSİYA

Yaponiyanın paytaxtı Tokioda keçirilən kudo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 ildən bir təşkil olunan 4-cü mundial Azərbaycan millisi üçün əlamətdar olub.


Belə ki, yarışa federasiyanın prezidenti Vəli Bünyatov və baş məşqçi Yura Mustafayevin rəhbərliyi altında 4 kudoçu ilə yollanan yığmamız dünya çempionatında ilk medalını qazanıb. Bu tarixi uğura komandamızın aparıcı simalarından olan Şirxan İsmayılov imza atıb.

270 çəki dərəcəsində (90 kq, burada boy və çəki birgə hesablanır - red.) fəxri kürsünün 3-cü pilləsinə yüksələn təmsilçimiz bildirib ki, yarış gərgin mübarizə şəraitində keçib. Ş.İsmayılov qazandığı bürünc medal sayəsində Azərbaycan yığmasının 63 ölkə arasında Ukrayna ilə birgə 4-5-ci yerlərə şərik olmasını böyük yüksəliş adlandırıb: “Bizim idman növü sözün həqiqi mənasında çox çətindir. Çünki kudo boks, karate, cüdo və sambo növlərini birləşdirib. Bunun üçün hər 4 növdə mükəmməl işləməlisən. Komandamızın belə uğurlu çıxışı yüksəlişdən xəbər verir. Çünki artıq ölkəmiz dünya çempionatında ilk medalını qazanaraq, liderlər sırasına qoşuldu. 63 ölkə arasında 4-5-ci yerləri bölüşmək böyük uğurdur”.


Bir sıra turnirlərin, o cümlədən daha güclü hesab olunan Rusiya açıq çempionatının mükafatçısı da olan Ş.İsmayılov mundialda keçirdiyi döyüşləri şərh edərkən bildirib ki, ən çətin görüşü məhz şimal qonşumuzun idmançısına qarşı olub: “Dünya çempionatında ilk döyüşümü Yunanıstan millisinin üzvünə qarşı keçirdim. Bu rəqibi məğlub etdikdən sonra ardıcıl olaraq, İtaliya və Latviya kudoçularına da qalib gəldim. Lakin dünya reytinqində bir nömrə olan rusiyalı idmançı ilə görüşüm gərgin alındı və yekunda çempion olan rəqibə finala gedən yolda uduzdum. Onun qızıl medal qazanması, mənim əvvəlki görüşlərdə yaxşı xal toplamağım dünya çempionatında ilk uğurumla nəticələndi”.


2001-ci ildən kudo ilə məşğul olan həmyerlimiz bu nailiyyəti ilə kifayətlənmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, növbəti yarışlarda yüksək əyarlı medal qazanmaq üçün məşqlərini daha səylə davam etdirəcək: “Bu, mənim iştirak etdiyim ikinci dünya çempionatı idi. Fikrimcə, daha çox hazırlıq keçib, inamlı çıxış etmək olar. Məqsədim gələn il keçiriləcək Dünya Kubokunda da ölkəmizi layiqincə təmsil edib, çempion olmaqdır. Ardınca növbəti mundialda daha yüksək əyarlı medal qazanmağı planlaşdırıram. Bu uğuru qazanmaqda pay sahibi olan hər bir kəsə öz təşəkkürümü də bildirirəm”.

Qeyd edək ki, Yaponiyada keçirilən dünya çempionatında 2 gənc kudoçumuz da iştirak edib və onlar da millimizin aktivinə bir gümüş medal yazdırıblar.