15:39 27-11-2014
news_image
902
TOP OYUNLARI

Polina Rəhimova: Qərarımı onların xeyrinə verdim - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Türkiyə mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyanın “Hyundai” klubunun şərəfini qoruyan, burada keçirdiyi 9 oyundan 7-sinin ən yaxşısı seçilən və 312 xalla çempionatın bombardiri olan 24 yaşlı ulduz hücumçumuz Bakı klubunu necə tərk etməsindən, Asiya ölkəsinə adaptasiya olmasından danışıb.

 

- İyun ayında “Hyundai” ilə müqavilə imzaladığınızı bilirik. Cənubi Koreyaya transferinizin necə reallaşdığını ətraflı danışa bilərsizmi?

- Uzun müddət idi ki, bir neçə ölkədən təkliflər alırdım. Amma legioner həyatı yaşamaq üçün doğru zamanı, həm fiziki, həm də mənəvi cəhətdən 100 faiz hazır olduğum vaxtı gözləyirdim. Bu arada sabiq komandam olan “Azərol”un prezidenti Cavid Qurbanov və yığmanın baş məşqçisi Faiq Qarayevə təşəkkür etmək istəyirəm. Çünki Bakı klubu ilə hələ 1 illik müqaviləmin qalmasına baxmayaraq, istəyimi reallaşdırdılar və ölkə xaricində oynamağıma icazə verdilər. Daha sonra menecerimlə bütün təklifləri dəyərləndirdik. Hansı təklifin ən yaxşı olduğunu ilə bağlı baş sındırdıq. Təbii ki, hər zaman ən yaxşı təklif, ən yüksək təklif deyil. Bəzən klubun yanaşması puldan çox əhəmiyyətli olur. “Hyundai” rəsmiləri uzun bir yol qət edərək, mənimlə görüş üçün Bakıya gəldilər. Onlardan çox pozitiv enerji aldım və qərarımı da onların xeyrinə verdim. 

 

- Cənubi Koreyada özünüzü necə hiss edirsiz? Adaptasiya dövrünün bitdiyini demək olarmı?

- Hər bir başlanğıc çətindir. Mənim üçün də bu, biz az çətin keçdi. Amma buradakı insanlar mehriban və yaxşıdırlar, onlar daima mənə yardımçı oldular. Hazırda adaptasiya dövrünün bitdiyini deyə bilərəm.  

 

- Komandanız çox əla nəticələr və siz isə möhtəşəm performans göstərirsiz. Rəhimova komandasını çempion edə biləcəkmi?

- Mən hər matçda qələbə qazanmaq üçün oynayıram. Bu, hazırlıq oyunu, məşq və ya final görüşündə fərq etmir. Təbii ki, voleybol komanda oyunudu və bir nəfərin performansı qələbə üçün kifayət etməyə bilər. Gözəl bir baş məşqçimiz və komandamız var. Hər oyunda daha yaxşı oynayırıq. Ən böyük istəyim təbii ki, mövsümü çempion kimi başa vurmaqdı.

 

- Cənubi Koreya liqası ilə Avropa çempionatları arasında fərq nədi?

- Burada voleybol çox sürətli, müdafiədə də Avropadan daha yaxşıdı. İnsanların oyunlara inanılmaz marağı var. Hər matçımızda dolu tribunalar qarşısında oynayırıq və bu da mənə xüsusi motivasiya verir.

 

- Hazırda Türkiyə Superliqası dünyanın ən güclü və popolyar çempionatlarından biri hesab olunur. Gələcəkdə sizi burada görə biləcəyikmi?

- Təbii ki. Niyə də olmasın (gülür)? Bir çox güclü oyunçu Türkiyə liqasında oynayır və onlar arasında mənim dostlarım da var. Bu mövsüm Betanya De La Kruzla Elitsa Vasilyeva Superliqaya Koreyadan yollanıblar. Həmçinin, mənim menecerim türkiyəli Tunc Afşardı və hər mövsüm onunla mənim üçün maraqlanırlar. Necə olacağını birgə görəcəyik. Hazırda ilk hədəfim Koreya çempionatını çempion kimi bitirməkdi. Burada özümü çox xoşbəxt hiss edirəm.