15:14 28-11-2014
news_image

Millimizin məşqçisi: Biz ona inanırıq

Noyabrın 29-da və 30-da AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə çəkisi 69 kq olan boksçular, bazar günü isə superağır çəki dərəcəsində mübarizə aparan idmançılar rinqə çıxacaq.

 

Bu gün çəkisi 69 kq olan boksçular çəki mərasimində və mətbuat konfransında iştirak ediblər. Noyabrın 29-u saat 19-00-da başlayacaq yarışda keniyalı Rayton Okviri türkiyəli Onur Sipalla, avstriyalı Markos Nader litvalı Eimantas Stanionislə, ukraynalı Denis Lazerev rusiyalı Andrey Zamkovoyla, ötən görüşdə zədə alan Fariz Məmmədovu əvəzləyən Tamerlan Abdullayev isə Macarıstan təmsilçisi Qyula Keytlə qarşılaşacaq.

 

Milli komandamızın üzvü olan Abdullayev rəqibin döyüş tərzini təhlil etdiyini və qələbə qazanmaq üçün çalışacağını bildirib. Boksçumuz karyerasında ilk dəfə 6 raundluq döyüşə çıxmasına baxmayaraq, buna hazır olduğunu vurğulayıb: “Təxminən 3 həftə əvvəl bəlli oldu ki, Məmmədovu mən əvəzləməli olacam. Milli komandanın məşqçiləri ilə yaxşı hazırlıq keçmişik. Bilirəm ki, diqqət mərkəzindəyəm, hamı məndən qələbə gözləyir. Hamını sevindirməyə çalışacam”.

 

Yığmamızın məşqçisi Nəriman Abdllayev “Fariz Məmmədovu niyə məhz Tamerlan Abdullayev əvəzlədi” sualını belə cavablandırıb: “Bu çəkidə son Azərbaycan çempionu Pərviz Bağırov olub. Ancaq Bağırov hazırda “Baku Fires” klubunun heyətində təlim-məşq toplanışındadır. Abdullayev son ölkə çempionatında 3-cü yeri tutmuşdu. Amma bu onun rəqiblərindən geri qalmasını göstərmir. Tamerlan elə Pərvizlə də başabaş mübarizə aparmışdı. Abdullayev dəfələrlə Azərbaycan çempionu olub. Biz ona inanırıq”.

 

Onur Sipalın rəqibi olacaq Keniya boksçusu Okviri yerli publikanın Türkiyə idmançısını dəstəkləyəcəyindən ehtiyatlanmadığını vurğulayıb: “Bilirəm ki, azarkeşlər daha çox Sipala azarkeşlik edəcəklər. Amma dəfələrlə təşkilatçı ölkələrin boksçuları ilə qarşılaşmışam. Buna hazıram”.

 

İlk döyüşdə nokautla uduzan avstriyalı Markos Nader artıq bərpa dövrünü geridə qoyduğunu və özünü yaxşı hiss etdiyini deyib. O, “ilk döyüşlərdə peşəkar boksçular – Nader, Fariz Məmmədov (hər ikisi 69 kq) və Əhməd Samirdən (91+kq) qələbə gözləsələr də, onlar məğlub oldu. Niyə peşəkarlar ilk dəfə 6 raund döyüşən rəqiblərinə uduzdular” sualını belə cavablandırıb: “Buradakı idmançıların hamısı titulludur. Dünya, Avropa çempionatlarında mükafata layiq yerlər tutublar. Onlar peşəkar qaydalarla döyüşməsələr də, yaxşı hazırlıq keçiblər və əsl peşəkardılar. Odu ki, onların qələbəsində təəccüblü bir şey yoxdu”.

 

Ukraynalı Denis Lazerev isə siyasi məsələlərə qarışmadığını və rusiyalı rəqibi Andrey Zamkovoyla normal münasibətdə olduğunu bildirib.

 

Qeyd edək ki, noyabrın 29-da saat 19-00-da başlayacaq və Sərhədçi İdman Olimpiya mərkəzində keçiriləcək döyüşlər İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.