13:08 29-11-2014
news_image

Qran-Pridə 1 gümüş və 2 bürünc medal

Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə Qran-pri yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığması vətənə 1 gümüş və 2 bürünc medalla qayıdacaq.

 

Belə ki, cüdoçularımızdan ən yaxşı nəticəni Məhəmmədəli Mehdiyev göstərib. 90 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz İspaniya və Cənubi Koreya idmançısına qalib gələrək, finala yüksəlsə də, burada ev sahiblərinin digər təmsilçisinə uduzub.

 

Onunla eyni çəkidə yarışan Ramin Qurbanov 3-cü yeri tutub. Komanda yoldaşından fərqli, 1/16 final mərhələsindən döyüşə başlayan Dünya Kubokunun gümüş medalçısı İsveçrə, Ukrayna, Cənubi Koreya cüdoçularına qalib gəlib. Lakin Mehdiyevin çempion olmasına imkan verməyən Donq Han Qvak daha öncə - yarımfinalda Qurbanovun da çempionluğa gedən yolunu bağlayıb. Buna baxmayaraq, idmançımız 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı rəqibindən üstün olaraq, fəxri kürsüdə yer almağı bacarıb.

 

Millimizin digər bürünc medalı isə Rüstəm Orucovun (73 kq) aktivindədir. “Böyük Dəbilqə”nin qalibi Rusiya və ABŞ cüdoçularına qalib gəlsə də, ardınca israilli idmançıya uduzub. Lakin o, 3-cü yer uğrunda döyüşdə daha təcrübəli olan qazaxıstanlı Odbayar Qanbaatarı üstələyib.

 

Digər cüdoçularımızdan Orxan Səfərov (60 kq) 5-ci, Uşanqi Kokauri (+100) 7-ci olub.

 

Yığmamız bu nəticəyə əsasən komanda hesabında 42 ölkə arasında 8-ci yeri tutub.