15:02 29-11-2014
news_image
1242
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionumuz: Məni tanıyanlar bilir ki, heç vaxt ulduz xəstəliyinə tutulmaram

Noyabrın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing turnirində növbəti döyüşlər olacaq. Apasport.az saytının məlumatına görə, bu dəfə superağır çəki dərəcəsində mübarizə aparan idmançılar mübarizəyə qoşulacaqlar.

 

2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxacaq. Milli komandamızın üzvü ukraynalı Sergey Verveyko ilə qarşılaşacaq.

 

Boksçumuz AİBA Pro Boxing turnirinin ilk mərhələsində iştirak etməməsini xəstəliyi ilə əlaqələndirib. Yığmamızın üzvü indi formada olduğunu və Verveyko ilə döyüşə yaxşı hazırlaşdığını deyib. Məcidov ulduz xəstəliyinə tutulması ilə bağlı yaranan söz-söhbətə də aydınlıq gətirib: “Bəli, sonuncu dəfə rəsmi yarışda ötən ilin oktyabrında Qazaxıstanda dünya çempionatında iştirak etmişəm. Amma bu müddət ərzində istirahət etməmişəm. Təlim-məşq toplanışlarından və hazırlıq prosesindən kənarda qalmamışam. Məni tanıyan insanlar da bilir ki, heç vaxt ulduz xəstəliyinə tutulmaram. “Baku Fires” klubuna WSB liqasında isə zədəyə görə kömək edə bilmədim”.

 

2 qat dünya çempionu lisenziya qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb. O, döyüşlərdən əvvəl heç vaxt nokaut haqda düşünmədiyini qeyd edib: “Sadəcə yaxşı formada olmağa çalışıram. Zərbə alınanda isə bəzən nokaut olur. Verveykonun döyüşünə baxmışam. İnanıram ki, qələbə qazanacam”.

 

Məcidovun fikrincə, 1 il döyüşməməsi boks üçün elə də böyük fasilə deyil: “İlk mərhələdə iştirak etməməyim lisenziya şansımı azaldır. Amma çalışacam ki, elə ilk mövsümdəcə Rio Olimpiadasına vəsiqə qazanım. APB maraqlı layihədir. Burada çıxış etməklə yanaşı, Olimpiya boksunda da mübarizə apara bilirsən”.

 

Superağır çəki dərəcəsində 4 görüş keçiriləcək. Məcidovla Verveykonun döyüşündən başqa, rumıniyalı Mixay Nistor mərakeşli Məhəmməd Arjoui ilə, rusiyalı Məhəmməd Omarov misirli Samir Əhmədlə, fransalı Toni Yoka almaniyalı Erik Pfeyferlə qarşılaşacaq.

 

Qeyd edək ki, +91 kq çəki dərəcəsində görüşlər noyabrın 30-da saat 19-00-da Sərhədçi İdman Olimpiya Mərkəzində başlayacaq.