10:45 01-12-2014
news_image
4172
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov dünyanın 3 ən güclüsü arasında

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.

 

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov məxsusdu. Həmyerlimiz son yarışlardakı uğurlu çıxış sayəsində 2 rəqibini qabaqlamaqla, 11-ci yerə yüksəlib. Onun aktivində 2765 xalı var.

 

Məmmədyarovdan fərqli, Teymur Rəcəbov mövqeyini qoruyub. Kifayət qədər turnirlərə qatılmayan həmyerlimiz 2734 xalla  yenə 21-cidi.

 

Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2658) ötən ay “Top-100”ü tərk etsə də, yenidən ən güclülər sırasına qayıdıb. Həmyerlimiz bu dəfəki siyahıda 94-cü yerdədi.

 

Reytinq cədvəlinin ilk “üçlüyü”ndə müvafiq olaraq, Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karauna (İtaliya, 2844) və Aleksandr Qrişuk (2810) qərarlaşıb.

 

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Teymur Rəcəbov 12-ci (2776), Şəhriyar Məmmədyarov (2739) 20-ci, Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2707) 42-cidi. Siyahıya 2858 xalla italiyalı Fabiano Karuana başçılıq edir.

 

Blits növündə isə Məmmədyarov ilk “üçlüyü” qapayır. Qrossmeysterimiz (2866) Karlsen (2948) və Hikaru Nakamuradan (ABŞ, 2906) geri qalır. Bu siyahıda Rəcəbov (2715) 36-cı, Eltaj Səfərli (2676) 71-ci, Hüseynov (2653) 96-cı pillədədi. 

 

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.