16:10 04-12-2014
news_image
2166
TOP OYUNLARI

QALMAQAL: “Azəryol” legioner limitini pozdu, komissar “Lokomotiv”i yalançı çıxardı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VI turu qalmaqalla yekunlaşıb. Apasport.az saytının məlumatına görə, hesabat turunda “Azəryol”a 2:3 hesabı ilə uduzmaqla, mövsümdə ilk məğlubiyyətini alan “Lokomotiv” bunun qaydalar çərçivəsində olmadığını iddia edir.

 

Klubdan saytımıza bildirilib ki, matçın gedişində Azərbaycan Voleybol Federasiyasının (AVF) bu ildən tətbiq etdiyi legioner limiti pozulub və bunun üçün rəqib 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanmalıdı.

 

“Dəmiryolçular” bununla bağlı quruma şikayət ünvanladıqlarını da deyiblər: “II dövrənin dünən baş tutan “Lokomotiv” – “Azəryol” matçında rəqib komanda AVF-nın bu ildən Super Liqada tətbiq etdiyi reqlamenti kobud şəkildə pozub. Oyunun üçüncü setinin gedişində “Lokomotiv” 15:10 hesabı ilə öndə olarkən, “Azəryol” 2 nömrəli oyunçusu, Azərbaycan vətəndaşı Kseniya Poznyakın əvəzinə meydançaya 9 nömrəli voleybolçu - Braziliya vətəndaşı Andressa Pikussanı buraxıb. Həmin dəyişiklikdən sonra rəqibin heyətində Azərbaycan vətəndaşı olan voleybolçunun olmamağına baxmayaraq, oyun davam etdirilib. Bu hadisə barədə “Lokomotiv” Voleybol Klubu tərəfindən raport yazılaraq, oyunun komissarına təqdim olunub. Bununla bağlı AVF-nin komissiyası yaxın günlərdə öz qərarını verəcək”.

 

Lakin AVF tam fərqli qənaətdədi. Qurumun yerli yarışlar üzrə koordinatoru, həmin matçın komissarı Oqtay Musayev “dəmiryolçular”ın şikayətini düzgün saymır. Onun sözlərinə görə, həmin setdə “Azəryol” uduzub və hakimlərə də bu səbəbdən aşağı qiymət verilib: “Həmin hissədə “Lokomotiv” 15:10 hesabı ilə irəlidə idi. “Azəryol”un baş məşqçisi II zonanı gücləndirmək üçün dəyişikliyə əl atdı. Bunun ardınca topu oyuna daxil edərkən, səhvə yol verdilər və komandalar texniki fasiləyə yollandılar. Bunu da mən gördüm və II hakim Eldar Zülfüqarovu yanıma çağırdım. Həmin fasilədə yerli oyunçunu meydana qaytardıq. Bu, tam vaxtında oldu. Deyərdim ki, ciddi nöqsan kimi qiymətləndirilməməlidi. Çünki “Lokomotiv”ə hansısa ziyan dəymədi və həmin hissəni də onlar qazandılar. Komanda IV hissədə də 10:5 hesabı ilə öndə idi. Amma yekunda məğlub oldu. Hakimlərin görüşü əla idarə etdiyini də deməliyəm. Lakin bu hadisəyə görə onlara 10 deyil, 9,7 bal verdim. Bu da növbəti dəfə legioner limitinin pozulmaması üçün vacib idi”.

 

Musayev görüşün ardınca “Lokomotiv” rəsmilərinin hansısa şikayət vermədiyini vurğulayıb. Onun sözlərinə görə, matçdan sonra bu barədə danışıq olsa da, onlar bununla söhbətin bitdiyini deyiblər: “Voleybol Federasiyasına hansısa şikayət daxil olmayıb. Sadəcə, oyundan sonra menecerləri mənə yaxınlaşdı. Qeydiyyatımı ona göstərərək, həmin məqamı ona başa saldım. O da anlayışla qarşıladı. Yazmağa ehtiyac olub-olmadığını soruşdu. Bildirdim ki, öz işinizdi”.

 

Federasiya rəsmisi legioner limiti ilə bağlı reqlamentdə hansısa qərarın olmadığını da qeyd edib. O, nəticənin ləğvini mümkünsüz sayır: “Bu barədə reqlamentdə hansısa bənd yoxdu. Texniki məğlubiyyətdən söhbət belə gedə bilməz. Çünki limit ilk dəfə tətbiq olunur. Lakin reqlamentdə olmasa belə, buna hər bir komandanın əməl etməsi vacibdi”.  

 

Qeyd edək ki, bu ildə qüvvəyə minən legioner limitinə görə hər komandada meydanda 1, ehtiyatda 2 yerli oyunçu olmalıdı.