13:45 07-12-2014
news_image
519
DİGƏR NÖVLƏR

Dünya Kubokunda 2-ci gün - FOTO

Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsi davam edir. Apasport.az saytının xəbərinə görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.

 

2-ci yarış günü təmsilçilərimizdən mübarizəyə ilk olaraq 200 metr məsafəyə sprint yarışında çıxış edən Olqa İsmayılova qoşulub. O, təsnifat mərhələsində 11.260 saniyə göstəriciyə imza atmaqla 40 iştirakçı arasında 13-cü olub və bununla da 1/16 finala vəsiqə qazanıb.

 

1/8 finala vəsiqə uğrunda Olqa İsmayılova yerli idmançı, təsnifat mərhələsini 11.245 saniyə göstərici ilə 12-ci yerdə başa vuran Viktoriya Uilyamsonla mübarizə aparıb. Yerli publikanın ingilis idmançıya böyük dəstəyinə baxmayaraq, velosipedçimiz rəqibini qabaqlamaqla finiş xəttini birinci keçib və 1/8 finala çıxıb.

 

Bu mərhələdə Olqa İsmayılova təsnifatda 10.883 saniyə nəticə ilə birinci olan hollandiyalı Eliz Liqtli ilə 1/4 finala vəsiqə uğrunda yarışıb və təəssüf ki, rəqibinə uduzub. İdmançımız 1/4 finala çıxmaq üçün təsəlliverici yürüşdə almaniyalı Miriam Velte və avstraliyalı Stefani Mortonla yürüşdə də istənilən nəticəni qazana bilməyib və sprintdə çıxışını 12-ci yerdə bitirib.

 

Kişilər arasında keyrin yarışında çıxış edən Sergey Omelçenko ilk mərhələ çərçivəsində öz yarımqrupunda 6 idmançı arasında 2-ci nəticə göstərib və yarımfinala çıxmaq üçün təsəlliverici yürüşdə iştirak edib. Amma bu dəfə də idmançımız finişi 2-ci keçib və Dünya Kubokunu 13-cü pillədə başa vurub.

 

2-ci yarış günü idmançılarımızdan son olaraq Yelena Pavluxina çıxış edib - o, 20 km məsafəyə xalla qrup ötüşməsində mübarizə aparıb. Velosipedçimiz 80 dövrəlik yürüşdə 3 xal toplamaqla yekunda 24 idmançı arasında 14-cü yeri tutub. Dünya Kubokuna bu gün yekun vurulacaq. Son yarış günü yalnız bir idmançımız çıxış edəcək – bu, keyrin növündə mübarizə aparacaq Olqa İsmayılovadır.