09:30 08-12-2014
news_image
260
DİGƏR NÖVLƏR

Dünya Kubokuna yekun vuruldu - FOTO

Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub.

 

Son yarış günü təmsilçilərimizdən yalnız biri - Olqa İsmayılova çıxış edib. Keyrin növündə mübarizə aparan idmançımız ilk mərhələdə 5 velosipedçi arasında 3-cü olub və yarımfinala çıxmaq üçün təsəlliverici yürüşdə iştirak edib. Burada isə Olqa İsmayılova Polşa və İspaniya nümayəndələrini qabaqlamaqla, yarımfinala vəsiqə qazanıb.

 

Amma finala çıxmaq üçün 6 nəfər arasında ilk üçlüyə düşmək mümkün olmayıb. Bununla da təmsilçimiz yarımfinalda uduzan 6 idmançı ilə 7-ci yer uğrunda yarışıb və yekunda Dünya Kubokunu 25 nəfər arasında 11-ci pillədə bitirib.

 

Dünya Kubokunun ilk 2 mərhələsindən sonra ümumi nəticələrə gəlincə, yığma komanda üzvlərimiz dünya reytinqində mövqelərini bir qədər də yaxşılaşdırıblar.

 

Belə ki, kişilər arasında keyrin yarışında çıxış edən Sergey Omelçenko mötəbər yarışın Meksika və İngiltərədə keçirilən mərhələlərində iştirak etmiş 43 idmançı arasında 8-ci yerdədir. İsmayılovaya gəlincə, o 200 metr məsafəyə sprint növündə 45 velosipedçi arasında 10-cu, keyrində isə 21-cidir. Bu isə adları çəkilən hər iki velosipedçimizə gələn ilin fevralında Fransada keçiriləcək dünya çempionatında iştirak hüququ verir. Yeri gəlmişkən, yığmamızın digər üzvü, Dünya Kubokunda skretç və xalla qrup ötüşməsində yarışan Yelena Pavluxina da mundialda iştirak hüququ əldə edib.

 

Dünya çempionatından öncə isə velosipedçilərimiz yanvarın 16-18-də Kolumbiyada Dünya Kubokunun sonuncu – 3-cü mərhələsində iştirak edəcəklər.