09:40 08-12-2014
news_image
396
TOP OYUNLARI

AVİF-in vitse-prezidenti UCİ prezidenti ilə görüşüb - FOTO

Londonda velosiped idmanının trek növü üzrə keçirilən Dünya Kubokunun 2-ci mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışı izləmək üçün İngiltərə paytaxtında olan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bir sıra işgüzar görüşlər də keçirib.

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) trek üzrə koordinatoru Gill Peruzzi ilə görüşdə yaxın gələcəkdə Azərbaycanda inşa olunacaq Velodromla bağlı məsələlər müzakirə olunub.

 

UCİ prezidenti Brayn Kuksonla görüşdə isə federasiya rəsmisi cənab Kuksona Azərbaycanda son illər velosiped idmanının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq nəticəsində həm idmanın bu növünün infrastrukturu yaxşılaşır, həm də Azərbaycan velosipedçilərinin peşəkarlıq səviyyəsi gündən-günə artır.

 

Ələkbərov artıq Azərbaycanda dağ velosiped idmanı parkının tikintisinin başa çatdığını, BMX stadionunun inşasının isə yekunlaşmaq üzrə olduğunu bildirərək, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi ilə gələn il Bakıda dünya standartlarına tam cavab verən qapalı Velodromun tikintisinə başlanılacağının da nəzərdə tutulduğunu deyib.

 

Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil edilmiş velosiped yarışlarına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyən federasiya rəsmisi Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini bu yarışları izləmək üçün Azərbaycana dəvət edib. Dəvət üçün minnətdarlığını bildirən UCİ prezidenti tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını izləməkdən məmnun olacağını söyləyərək Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək dəyərləndirib. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının da son illər aktivliyi ilə seçildiyini vurğulayaraq, velosiped idmanının inkişafı üçün ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.