17:55 09-12-2014
news_image
1279
TOP OYUNLARI

“Azərbaycan və Türkiyə çempionatları arasında ciddi fərq yoxdu” - MÜSAHİBƏ

“Lokomotiv”in voleybolçusu Tuğce Atıcı Türkiyə mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən ay “İllər Banka”sından Bakı klubuna transfer olunan 25 yaşlı toppaylayıcı Azərbaycana gəlişinin səbəblərini açıqlayıb, “dəmiryolçular”ın hədəflərindən danışıb.

 

- “Lokomotiv”ə keçidiniz ani bir zamanda rəsmiləşdi. Transferinizin belə sürətli alınmasını nə ilə izah edərdiz?

- Ölkə xaricində oynamaq kiçik yaşlarımdan hədəfim olub. “Lokomotiv” də məni heyətinə qatmaq istəyini açıqlayanda, fürsəti qaçırmadım. Mənim üçün bunun böyük bir təcrübə olacağını düşündüm. Ailəm və menecerim Tunc Afşarla vəziyyəti dəyərləndirdikdən sonra düşünmədən, çox qısa bir zamanda Azərbaycana getmək qərarını verdim. Bunun üçün sabiq komandamın prezidenti Mehmet Özə və rəsmilərinə məni klubdan buraxdıqları üçün təşəkkür də etməliyəm.

 

- Yeni komandanızın hədəfləri nədir?

- Klubumuz həm Azərbaycan çempionatı, həm də CEV kubokunda iddialıdı. Təcrübəli və səviyyəli voleybolçulardan təşkil olunub. Çıxış etdiyimiz hər 2 yarışda çempionluğu hədəfləmişik və bunun üçün hər kəs bacardığının ən yaxşısını edir. Komandaya yeni qatılmağıma baxmayaraq, çox az bir vaxtda uyğunlaşdım. Prezidentimiz Elnar Əsgərova təşəkkür edirəm. O, həqiqətən mənə vətəndən kənara getdiyimi hiss etdirmədi. Bununla 2 dövlət, 1 millət olduğumuzu çox yaxşı anladım. Həmçinin, bütün texniki heyət və komanda yoldaşlarım məni inanılmaz dərəcədə məmnun etdi. Çalışmağı çox sevən, intizamlı və səviyyəli bir komandayıq. Bu səbəbdən hədəflərimizə çatmaq üçün hansısa problem yoxdu.

 

- Azərbaycan və Türkiyə çempionatları arasında hansı fərqlər var?

- Azərbaycanda idmanı çox sevən ölkə prezidenti – İlham Əliyev var. Buraya gəldikdən sonra niyə ölkənin son illərdə idmana bu qədər diqqət göstərildiyini daha yaxşı anladım. Dövlətin başındakı insan idmanı sevdiyi halda, həqiqətən də hər şey əla səviyyədə həyata keçirilir. Azərbaycan və Türkiyə liqaları arasında komanda sayına görə fərq var. Amma çempionatın səviyyəsinə görə hansısa ciddi fərq yoxdu. Çünki son illərdə Azərbaycan çempionatı adları dünyada tanınan idmançıların iştirakı ilə keçirilir və bu da liqanın səviyyəsini artırır. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Türkiyədə çalışarkən ölkə voleybolumuz üçün çox yaxşı iş görüb və mən onu həmin zamandan tanıyıram. Burada da həqiqətən çox yaxşı bir təşkilatçılıq həyata keçirir.

 

- Bakıya uyğunlaşmısızmı? Orada vaxtınızı necə keçirirsiz?

- Bakıya qısa bir zamanda alışdım və çox sevdim. Modern Avropa şəhərlərindən heç bir fərqi yoxdu. Oyunlardan sonra əsasən yığıncaqlarımız olur. Bundan əlavə, boş vaxtlarımızda dəniz kənarını və şəhər mərkəzlərini gəzməyi sevirəm. Komanda yoldaşlarımla gözəl və xoş vaxtlar keçirirəm.

 

- Türk voleybolsevərlərə hansı mesajınız var?

- Buradan türk voleybolsevərlərə “Azərbaycanda ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün əlimdən gələni edəcəyəm” deyirəm. Həmin müddətdə mənimlə olacaq hər birinə təşəkkür edirəm.