16:50 15-12-2014
news_image
1048
DİGƏR NÖVLƏR

“Heç bir idman növü bu qədər xoşuma gəlmir” - MÜSAHİBƏ

Azərbaycan Gimnastika Federasiyası (AGF) növbəti yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, qurum Bakı-2015-ə qısa müddət qalmış yarışa qatılması gözlənilən millimizin üzvləri ilə geniş müsahibələr hazırlayaraq, azarkeşlərimizin onları daha yaxından tanımaq şansı yaradırlar.

 

AGF-in rəsmi saytının ilk qonağı bədii gimnastika üzrə çoxsaylı Dünya Kuboklarının mükafatçısı, ölkənin 2 qat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durundadı. Yığmamızın 17 yaşlı aparıcı üzvü bu idman növünü seçməsi, qarşıdakı hədəfləri və ailəsi haqda ətraflı danışıb.

 

- Gimnastikaya gəlişinizi necə xatırlayırsız? Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- 4 yaşım olanda, atam məni zala apardı. Qohumum gimnastika ilə məşğul olurdu və mən də bütün bunları öyrənmək istəyirdim. Bir az ağır idim (gülür) və təbii olaraq, mənə rəqslə məşğul olmağı tövsiyə etdilər. Lakin məşq etmək istəyirdim, buna görə də idmanda qaldım.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
- Əgər başqa idman növünü bədii gimnastika kimi bəyənsəydim, düşünürəm ki, məndə alınardı. Lakin heç bir idman növü bu qədər xoşuma gəlmir.

 

- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?
- Düşünürəm ki, təcrübəylə bağlıdı. Tez-tez çıxış etdikdə, daha asan olur. Əlbəttə, özünü də motivasiya etməlisən. Xüsusi sirri yoxdu, əsas odu özünə inanasan, o zaman hər şey alınır.

 

- Sizcə, hansısa idman növündə vacib olan nədi?
- Özünə inam, səbr və əmək... Beləcə, hər şey alınacaq. Nizam-intizam, məşqçiyə qulaq asmaq da vacibdi. Dinləmək, eşitmək və əməl etmək.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?
- Düşünürəm ki, bu idman növündən asılıdı. Təhlükəli idman növləri də var. Misal üçün, idman gimnastikası bədii gimnastikaya nisbətən daha təhlükəlidi. Bədii gimnastika isə elə də təhlükəli deyil.

 

- İdmanda kumiriniz varmı?
- Bəli, 2 qat Olimpiya çempionu Yevgeniya Kanayeva.

 

- Yaxın gələcək üçün idman planlarınız barədə nə deyə bilərsiz?

- Öncə Minskdə keçiriləcək Avropa çempionatında layiqincə çıxış etmək istəyirəm. Ardınca Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında, daha sonra əlbəttə ki, Rio-de-Janeyro-2016-ya lisenziya əldə etmək üçün Ştutqartda keçiriləcək Dünya çempionatında uğurlu iştirak planlaşdırıram. Bu lisenziyanı qazanmağı çox istəyirəm.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?
- Avropa Oyunları mühüm hadisədi. Mən çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunlarda iştirak etmək çox şərəflidi. Ümumiyyətlə, mənim üçün bu vacib yarışdı, ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm. Bu oyunlara ən vacib yarış kimi hazırlaşıram. Artıq yeni mövsümdü, yeni çıxışlar hazırlamışıq, hakimləri və tamaşaçıları təəccübləndirəcəyik.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzularıniz, məqsədləriniz varmı?

- Yaxşı övlad, bacı, rəfiqə olmağı, sadəcə yaxşı insan olmağı  istəyirəm. Gələcək üçün başqa məqsədlərim hələlik yoxdu.

 

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsizmi?

- Boş vaxtlarımda gəzməyə çıxır, kinoya gedirik. Düşünürəm ki, biz bunlara idmançı olmayanlardan daha az vaxt sərf edirik.

 

- Bəs ailəniz barədə nə deyərdiz?

- 2 qardaşım var. Onları çox sevirəm və onlar üçün çox darıxıram. Ümumiyyətlə, valideynlərimə çox minnətdaram ki, məni məhz bu idman növünə gətiriblər, bütün karyeram boyu məni dəstəkləyiblər və hələ də dəstəkləyirlər. Onları çox sevirəm.

 

- Sevdiyiniz şəxs varmı?

- Xeyr (gülür).

 

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Siz onlardan nə eşitmək istərdiniz?

- Adətən “Marina irəli” – deyə, səslənirlər. Ümumiyyətlə, xalçaya çıxmazdan əvvəl onların necə “Azərbaycan” deyə, səsləndiklərini eşidirəm və çox təsirlənirəm. Bu çox xoşdur, sadəcə başa düşürsən ki, bütün zal səni dəstəkləyir. Bu, ruhlandırır.

 

- Onlara nə demək istərdiz?

- Dəstəyiniz üçün çox sağ olun.