17:46 18-12-2014
news_image
241
DİGƏR NÖVLƏR

"Məktəbli Kuboku"nun qalibi məlumdu - FOTO

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Məktəbli Kuboku" layihəsinin icrasına başlayıb. Apasport.az saytının məlumatına görə, Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə əldə olunmuş razılığa əsasən, bu gün Veloparkda adı çəkilən rayonun məktəbliləri arasında velosiped yarışı keçirilib.

 

Yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan olan 21 məktəbin komandası iştirak edib. Federasiya tərəfindən velosiped və digər zəruri avadanlıqlarla təmin edilən şagirdlər estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 207 saylı orta məktəbin komandası hamıdan yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2-ci yeri "Tərəqqi" Texniki-Humanitar liseyi, 3-cü yeri isə 47 saylı orta məktəbin kollektivi tutub. Qaliblər federasiya tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər.

 

Qeyd edək ki, Nərimanov rayonu məktəbliləri arasında keçirilən bu yarış pilot layihə idi və yaxın gələcəkdə ümumrespublika "Məktəbli Kuboku"nun təşkili də nəzərdə tutulur.