17:39 20-12-2014
news_image

Məhəmmədrəsul Məcidov: Döyüşün belə qurtarmasını istəmirdim

AİBA Pro Boxing (APB) turnirində 2-ci döyüşünə çıxan Məhəmmədrəsul Məcidov (+91 kq) bu dəfə də parlaq qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü misirli Əhməd Samiri artıq birinci raundda nokauta salıb.

 

İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı görüşdən sonra bildirib ki, əslində döyüş belə tez qurtarmasını istəmirmiş: “Heç olmasa 6 raundun üçündə rinqdə olmaq istəyirdim. Amma belə alındı. Mən sadəcə öz üzərimə düşən işi gördüm”.

 

Superağır çəki dərəcəsindəki təmsilçimiz APB-dəki rəqiblərini də dəyərləndirib: “İlk döyüşə çıxmadığımdan digər boksçulardan bir görüş az keçirmişəm. Hələ ki +91 kq-da mərakeşli Məhəmməd Arjaou ilə almaniyalı Erik Pfayfer 3 qələbə qazanıb. Onların hər ikisi güclü boksçudur. Bu çəkidə rusiyalı Maqomed Omarovu da yaddan çıxarmaq olmaz. Hərçənd o, ilk qarşılaşmada Toni Yokaya məğlub oldu. Həmin gün onun döyüşü alınmadı. Amma bu gün Verveyko üzərində asan qələbə qazandı”.

 

Məcidov artıq formaya düşdüyünü və bu çəkidə istənilən rəqiblə üz-üzə gələ biləcəyini deyib: “Boksda çox nadir hallarda 100 faiz formada olursan. Yavaş-yavaş formaya düşürəm. Ötən görüşdən fərqli olaraq, Əhməd Samirlə qarşılaşmada rinqi daha yaxşı hiss edirdim. Milli komandanın düşərgəsində yaxşı hazırlıq keçdik. Ola bilsin ki, növbəti döyüşü Omarovla keçirdim. Özümü yaxşı hiss edirəm və yanvarda, 3-cü qələbəmi qazanmağa çalışacam”.