16:53 25-12-2014
news_image
6246
DİGƏR NÖVLƏR

İradə Aşumova: Bu yol onlara qurbandı - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi və güllə atıcısı İradə Aşumovanın apasport.az saytına müsahibəsi

 

- Bir neçə gün sonra başa çatacaq 2014-cü il güllə atıcılarımız üçün necə yadda qalacaq?

- Baxır, kimin uçun. Məsələn, gənc idmançılarda kimə ümid edirdik, bir qədər zəifləmə hiss olunur. Amma hansından ki, həmin nəticəni gözləmirdik, irəli gedirlər. Bunlara baxmayaraq, yüksəliş kimi dəyərləndirmək olar.

 

- Yeni il sizin üçün ikiqat məsuliyyətli olacaq. Çünki ilk dəfə Bakıda təşkil olunacaq Avropa Oyunlarında həm baş məşqçi, həm də idmançı kimi məsuliyyət daşıyacaqsız...

- Bəli. Bizim idman növündə Avropa Oyunlarında üçün artıq 2 kvota ayrılıb. Bu mötəbər yarışda mənimlə yanaşı, Ruslan Lunyov hədəf önünə keçəcək. Mən 2 - 10 m məsafəyə pnevmatik, 25 m məsafəyə kiçikçaplı tapançadan atacam. Lunyov isə 10, 25 və 50 m məsafələrdə dəqiqliyini yoxlayacaq. Yeni ildə əsas məqsədimiz buna ciddi hazırlaşmaqdı. Çətinliyimiz yalnız tirlə bağlıdı. Düzdü, yeni tir tikilməkdədi. Lakin Bakı-2015 üçün nəzərdə tutulan idman obyekti hazır olduqdan sonra yarışa qısa müddət qalacaq.

 

- Onda hazırlığınızı paytaxtdan kənarda təlim-məşq toplanışları keçməklə sığortalayacaqsız?

- Yeni il üçün proqram hazırlamışam. Hansı ayda harada və necə məşq keçəcəyimizi təxmini müəyyənləşdirmişik. Lakin bütün bunlar bizə ayrılacaq maliyyədən asılı olacaq. Deyəsən, yanvar boş keçəcək. Fevralda İsraili istəyirik ki, orada havalar bir qədər istidi. Belə tir bizdə Qəbələdə də var. Lakin hazırda orada havalar çox soyuqdu, dağlara qar yağıb. Əgər xaricə yollana bilməsək, orada məcburi bağlı zallarda məşq edəcəyik. Çünki yeni mövsümdə Dünya Kubokunun 4 mərhələsi var. Sonuncusu Qəbələdə olacaq. Bu yarışla da Rio-de-Janeyroya lisenziyalar bitəcək.

 

- Amma artıq lisenziyalar verilməyə başlayıb...

- Bəli, artıq 4 vəsiqə sahibini tapıb. Lunyovun qatıldığı məsafələrdə isə 2-si verilib. Çalışacağıq ki, Dünya Kubokunun mərhələlərində iştirak edək. Avropa Oyunlarda da qaliblər lisenziya qazanacaqlar. Həmçinin, 10 m məsafəyə atəş açma üzrə qitə çempionatında vəsiqələr verəcəklər. Amma bu növdə bir az zəifik. Çünki bizim əsas növ 25 m məsafəyə atəş açmadı.

 

- Avropa Oyunlarında Rio-de-Janeyroya lisenziya veriləcək. Ölkəmizin ev sahibliyi edəcəyi yarışda güllə atıcılarının siyahısı necə müəyyənləşəcək?

- Burada dünyada “105-lik” əsas götürüləcək. Ardınca həmin reytinqdə 1-30-cu yerlərdə qərarlaşan atıcılar Avropa Oyunlarında iştirak hüququ qazanacaqlar. Hər ölkə üçün kvota isə 2 nəfər olacaq. Mən dünya çempionatından sonra 12-ci yerə yüksəlmişəm. Ruslan da irəlilədi. 30-dan artıq, yəni 35-40 idmançının da ölkəmizə gəlməsi istisna olunur. Çünki “wild card”ların da verilməsi mümkündü.

 

- Siz 2014-cü ili güllə atıcılarımız üçün uğurlu il adlandırdız. Amma əvvəlki illərdə medalları sıralayan Aşumov bu il elə də ciddi uğur qazanmadı. Bunu nə ilə əlaqələndirərdiz?

- Fevralda 57 yaşım olacaq. Başa düşün ki, mən bu yaşda bərpaedici vaxtlarımın olmasını belə tələb etmirəm. Dünya çempionatına kimi reytinqdə 27-ci idim. Amma burada 97 iştirakçı arasında 17-ci olduqdan sonra 15 pillə irəli getdim. Bir qədər öncə Tiflisdən gəlmişik. Burada 1 gümüş və 1 bürünc qazandım, Ruslan 1-ci və 2-ci yeri tutdu. Məsələn, hərdən mənə “yolu gənclərə verin” deyənlər də olur. Bu yol onlara qurbandı, mən özüm buna razıyam. Baş məşqçi olduğumdan əsas marağım da odu ki, onlarla 100 faiz işləyim. Amma indi mən təlim-məşq toplanışına yollananda, onları öz məşqçiləri ilə məşq edirlər.

 

- Belə çıxır ki, karyeranızı bitirmək haqda düşünürsünüz...

- Xeyr, mən iştirak etməyə məcburam. Psixoloji baxımdan da buna tam hazıram. Amma fiziki baxımından bir qədər çətinliklər var. SSRİ dövründə bərpa, tibb və s məcburi idi. İndisə gedib özün tələb etməlisən.

 

- Yığmamızda Ruslan Lunyovla yanaşı, böyük perspektiv vəd edən Nigar Bağırova da vardı. Amma o, gənclər arasında müəyyən nəticələr qazandıqdan sonra sanki “qeybə” çəkilib...

- Nigar müəyyən müddət öncə ailə həyatı qurdu, ana oldu. Son zamanlarda beynəlxalq yarışlara qatılmasa da, Azərbaycan çempionatında iştirak etdi. Nəticəsi də pis olmadı. 380 xalla birinci yeri tutdu. Ardınca Tiflisə yarışa getməliydik. Lakin övladı xəstələndiyindən burada qalası oldu. Yanvarın 8-də Bakı çempionatı var. Orada kim iştirak etsə, normativi yerinə yetirsə, həmin snayperlər milliyə dəvət olunacaq və yanvarın 26-da Münhenə yarışa yollanacaq. Həmin mükafatçılar, həmçinin martın 1-5-də Avropa çempionatında yığmamızın heyətində olacaq.