11:55 26-12-2014
news_image
8442
DİGƏR NÖVLƏR

"Zorlama xəbərini mən də eşitmişəm" – MÜSAHİBƏ

Azərbaycan millisinin cüdoçusu Nicat Şıxəlizadənin apasport.az saytına müsahibəsi

 

- Dünya çempionatı öncəsi zədələnmişdiz. Hazırda sağlamlığınız nə yerdədi?

- Bəli, dizimdən zədələnmişdim. Ciddi olduğu üçün əməliyyat olundum. Bu səbəbdən bir neçə turnirdən kənarda qaldım. Amma ilin əvvəlində uğurlu çıxış etdim. Tiflisdə Qran-prinin qalibi, Macarıstanda analoji yarışın bürünc mükafatçısı oldum. Artıq əməliyyatdan 4 ay keçib, məşqlərə başlamışam. Yarışlara tam hazır olmasam da, yeni ilin fevralından tatamiyə çıxmaq fikrim var. Əsas məqsədim lisenziya xalları verən yarışlarda və Avropa Oyunlarında özümü yaxşı tərəfdən göstərməkdi.

 

- 2014-cü ili karyeranızda uğurlu saymaq mümkündümü?

- İlin birinci yarısını uğurlu hesab edirəm. Ardınca zədə öz sözünü dedi. Dünya çempionatında iştirak etmək istəsəm də, alınmadı. Ümumi götürsək, pis keçmədi.

 

- Bəs ili Azərbaycan cüdoçu və ya komanda yoldaşlarınız üçün necə qiymətləndirərdiz?

- Fikrimcə, uğursuz olmadı. Komanda yoldaşlarım Qran-pri, “Böyük dəbilqə”də yaxşı çıxış etdilər, reytinqlərini yaxşılaşdırdılar.

 

- Sizin kimi 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov son turnirlərdə özünü yaxşı tərəfdən göstərməyə başlayıb. O, hətta “Böyük Dəbilqə”nin finalına yüksəldiyindən reytinqdə birdən-birə 52 pillə irəliləyib, 35-ci yerə qalxıb. Bu Rio-de-Janeyro-2016-ya gedən yolda sizə çətinlik yaratmayacaq ki?

- Dünya çempionatı öncəsi ilk “yeddilik”də idim. 5-6 ay yarışa qatılmadığımdan 11-ci pilləyə düşmüşəm. Ümid edirəm ki, qarşıdakı yarışlarda iştirak edib, reytinqimi düzəldəcəm. Lisenziya xallarına və lisenziyaya gəlincə, yerimin rahat olduğunu deməliyəm. İlk “22-lik” Olimpiadaya vəsiqə verəcəyindən ciddi problem görmürəm.

 

- Düzdü, ötən tsikl Olimpiya çempionumuz Elnur Məmmədli də reytinqdə geriləsə də, sonda London-2012-yə lisenziya qazanmaqda çətinlik çəkmədi...

- Elnur yarışlarda iştirak etmədiyi üçün geriləmişdi. Mən isə bir çox turnirlərə qatılmışam və qarşıda yarışlarım çoxdu. Əsas odu ki, zədəm tez sağalsın ki, mübarizədən kənar qalmayım.

 

- 2014-cü il yığmamızda məşqçi dəyişikliyi ilə də əlamətdar oldu. Avstriyalı Peter Zayzenbaheri əvəzləyən Hacıağa Hacıəhmədov komandamızda nəyi dəyişib?

- Hacıağa müəllim əvvəlki tsikllərdə də bizlə işləmişdi, millidə məşqçi idi. Zayzenbaherdən sonra dəyişikliyə gəlincə, maddi baxımdan bir az çətinlik var. Amma əcnəbi baş məşqçi bütün istəklərini həyata keçirirdi. Məsələn, 1 aylıq Yaponiya və digər ölkələrdə təlim-məşq toplanışı, yaxud hansı yarışda iştirak istəyirdisə elə də olurdu. İndi də bunlar həyata keçir. Amma Zayzenbaherin vaxındakı qədər toplanışlara, yarışlara heç vaxt qatılmamışıq.

 

- Zayzenbaherin dönəmində Elxan Məmmədov dünya çempionu olmaqla, tariximizdə yeni səhifə açdı. Maraqlıdı, həmin mütəxəssisin rəhbərliyi altında xüsusi nəsə öyrəndizmi?

- Məncə, xüsusi heç nə. Onu pisləmək fikrim yoxdu. Amma şəxsən mənim üçün nəsə böyük fayda verib, getmədi. Gözəl idmançı olub, işini məşqçi kimi davam etdirir. Bildiyini bizə öyrətdi. Amma bununla bizdə böyük dəyişiklik olmadığını deyərəm.

 

- Avstriyalı mütəxəssis Azərbaycan millisindən getdikdən sonra ölkəsində zorlanmada ittiham olundu. Millidə işlədiyi vaxt onu belə insan kimi dəyərləndirmək mümkün idimi?

- Zorlama xəbərini mən də eşitdim. Amma bunun şayiə olduğunu deyə bilərəm. Məşhur idmançı, məşhur məşqçi barədə belə xoşagəlməz xəbərlər tez-tez yayılır. Yəni, onu elə bir insan kimi də tanımamışıq. Bu barədə nəsə eşitməmişik.

 

- 2014-cü ildə Azərbaycan idmanı üçün nəyi xüsusi qeyd edərdiz ki, onu unutmayacaqsız.

- Bütün ilboyu Avropa Oyunlarına hazırlıq işlərini, sınaq yarışlarını. Həmçinin, bəzi arenaların istifadəyə verilməsi, təmiri, Milli stadionun tikilməsi hər bir idmançını sevindirir. Belə tədbirlər həqiqətən mənə xoşdu.

 

- Amma 2015-ci ildə keçiriləcək Avropa Oyunlarında siz idmançıların da üzərinə böyük məsuliyyət düşəcək. Bunu qarşılığını vermək lazım olacaq.

- Bəli, hər birimiz bu məsuliyyəti yaxşı dərk edirik. Əsas məqsədimiz də tarixdə ilk dəfə təşkil olunacaq yarışda özümüzü yaxşı tərəfdən göstərməkdi.