12:51 26-12-2014
news_image

“Son 3 ildə iştirak etdiyim bütün yarışlardan vətənə medalla qayıtmışam” - FOTO

“Avropa və Dünya çempionatında, həmçinin müxtəlif turnirlərdə uğurlu çıxış etdim. Vətənə xidmət etdiyim üçün çox şadam. Əlbəttə, Azərbaycan prezidentini belə layiqli qələbələrlə sevindirə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.

 

Avropa çempionatının gümüş, dünya çempionatının bürünc medalını qazanan həmyerlimiz tarixin yaddaşına qovuşacaq 2014-cü ili dəyərləndirib. 71 kq çəki dərəcəsində mübarizə aparan Çunayev bildirib ki, ili uğurlu hesab etməsinə baxmayaraq, artıq yeni il barədə düşünmək lazımdı: “Çünki 2015-ci il biz güləşçilər üçün çox məsuliyyətli bir ildi. Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. 2014-cü ilə yekun vurduğumuzu, sabahdan növbəti uğurlar üçün yeni ilə başlamalıyıq. İnşallah, Avropa Oyunlarının qalibi olmaq üçün məşqlərimizi davam etdirəcəyik”.

 

Rəsul stabil çıxış etməməsinə, karyerasında yüksəliş və enişin olmasına da aydınlıq gətirib: “Bəzi şəxsi problemlər vardı. Hansı yarışlarda iştirak edib, etməyəcəyim də tam bəlli deyildi. Lakin hazır olmasam da, məşqçilər mənə inandılar və yarışlarda çıxışıma imkan yaratdılar. Mən də onların ümidlərini doğrultmağa çalışdım. Son 3 ildə iştirak etdiyim bütün yarışlardan vətənə medalla qayıtmışam. Mükafatlarım arasında, qızıl da, gümüş də, bürünc də olub. Çalışıram ki, həmişə vətənimizin bayrağını yüksəklərə qaldıram”.

 

Daşkənddə keçirilən mundialda bürünc medal uğrunda döyüşdə Varşam Boranyana qalib gəldikdən sonra əsgər salamı ilə yadda qalan güləşçi yeni il üçün fərqli ideyasının olmadığını deyib. Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı açıqladığı “Qızıl onluq”da yer alan idmançının sözlərinə görə, əsas hədəfi Avropa Oyunlarının qızıl medalını qazanmaqdı: “Yeni ildə ilk yarışım fevralda Dünya Kuboku olacaq. Burada iştirakdan sonra Avropa Oyunlarına seçim da reallaşacaq”.

 

Çunayevin mübarizə apardığı 71 kq çəki dərəcəsi Yay Olimpiya Oyunlarında olmayacağından Avropa Oyunlarından sonra əvvəlki çəkisinə qayıda biləcəyini vurğulayıb. Onun sözlərinə görə, 66 kq çəki dərəcəsində ən titullu idmançılarımızdan olan Həsən Əliyevlə mübarizədən çəkinmir: “Ümid edirəm ki, öz çəkim – 66 kq-a qayıdacam. Əliyevlə rəqabətə gəlincə, qismət kimindi, Rio-de-Janeyroya da o gedəcək”.