09:00 12-01-2015
news_image

Şahpələngovun uğursuz dönüşü, Məmmədovdan nokaut

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 3-cü görüşünü də qələbə ilə başa vurub. Naxçıvan boksçusu bu dəfə Nurlan Qasımlı üzərində qələbə qazanıb. Bu çəki dərəcəsində təcrübəli Rəhim Nəcəfov da növbəti dəfə rinqi qalibiyyətlə tərk edib.

 

60 kq çəki dərəcəsində əsas favoritlərdən olan Elvin İsayev yarışa qələbə ilə başlayıb. Milli komandamızın üzvü Ağdaş nümayəndəsi Nicat Hacıyevi mübarizədən kənarlaşdırıb.

 

Ötən ilin Azərbaycan çempionu Lorenzo Sotomayor da (64 kq) ilk görüşdə çətinlik çəkməyib. “Qəbələ” klubunun üzvü Daşqın Budayevin müqavimətini 1-ci raundda qırıb. 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov isə ikinci görüşündə uduzub. Uzun fasilədən sonra rinqə qayıdan Şahpələngov təcrübəli Elnur Əliyevlə mübarizədən məğlub ayrılıb – 0:3.

 

Azərbaycan kubokunun gümüş mükafatçısı Ramal Aslanov (69 kq) növbəti mərhələyə vəsiqə qazanıb. “Gilan” klubunun üzvü öz komanda yoldaşı Pərviz Hüseynovdan üstün olub – 2:1. Bu çəki dərəcəsində qələbəyə namizədlərdən sayılan Elnur Süleymanov isə Əlixan Cəfərovu məğlub edib.

 

Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) ilk görüşdə çətinlik çəkməyib. Milli komandamızın üzvü Ədalət Mollayevi 1-ci raundda texniki nokautla üstələyib.

 

Qeyd edək kİ, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.