10:05 13-01-2015
news_image
3167
DİGƏR NÖVLƏR

“Bakıda sonuncu dəfə 30 il bundan öncə olmuşdum” - MÜSAHİBƏ

Milli Gimnastika Arenasının yeni – 2015-ci ildə ilk qonağı məşqçi Viktoriya Ataol və Kanada idmançıları olub. Qonaqlar Monrealdan ölkəmizə bədii gimnastika üzrə təlim-məşq toplanışlarında iştirak etmək məqsədilə gəliblər. Apasport.az saytının məlumatına görə, arenaya, paytaxtımıza və Qafqaz qonaqpərvərliyinə heyran qalan Ataol Azərbaycana gəlişlərinin səbəbini federasiyanın mətbuat xidmətinə verdiyi müsahibədə açıqlayıb.


- Siz ilk dəfədi ki, Milli Gimnastika Arenasındasız. Təəssüratlarınız necədi?

- Demək istəyirəm ki, Milli Gimnastika Arenası möhtəşəmdi. Burada güclü gimnastların yetişməsi üçün, hər bir şərait yaradılıb. Diqqətimi daha çox idmançılara lazımi tibbi yardım göstərən yüksək ixtisaslı tibbi personalınızın olması çəkdi. Xoreoqrafiya komandası isə sadəcə mükəmməldi. Ümid edirəm ki, qızlar, eləcə də valideynləri bütün bunları dəyərləndirir.


- Bizim komanda ilə işləmək necə, ürəyinizcədi?

- Böyük məşqçi heyəti məni məmnun etdi, əsas özəlliyi ondadı ki, onlar bir-birlərinə yaxın, dost kimidilər. Mən düşünürəm ki, bu işdə bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilevanın böyük əməyi var. O, eyni zamanda həm mütəxəssis, həm də çox qonaqpərvərdi. Bu cür halı nadir vaxtlarda görmək olar. Əlbəttə ki, federasiya və məşqçi heyəti qarşılıqlı işləyirlər, federasiya kömək edir, əvəzində isə yaxşı nəticələr alır, bu isə bəyənilməyə bilməz.


- Bilirik ki, siz də əvvəllər gimnast olmusuz. Bədii gimnastika dünyasında bu illər ərzində dəyişiklik çoxdumu?

- Mən 18 yaşım olanda idmançı karyeramı bitirdim. Bununla belə, 14 yaşımda gimnast kimi qızları məşq etdirirdim. O vaxtdan indiyə qədər bədii gimnastika kökündən dəyişilib, o daha çətin olub və əsl incəsənət növünə çevrilib.

 

- Bizə təlim-məşq toplanışına gətirdiyiniz gimnastlar barədə nə deyə bilərsiz?

- Mənimlə bura 4 gimnast gəlib. Onlar hazırda  “Elite Canada” seçmə turnirinə hazırlaşırlar. Qızlar çox heyrətləniblər, onlar bu cür qəbulu gözləmirdilər. Onlar Bakıdakı həmkarlarından çox sayda faydalı və yeni məlumatlar öyrəniblər.


- Paytaxtımızı gəzmək imkanınız oldumu? Daha çox nələr xoşunuza gəldi?
- Bakıda sonuncu dəfə 30 il bundan öncə olmuşdum, təbii ki, xatirələr artıq yaddaşımdan silinmişdi. Amma bu gün şəhəri gördüm və çox heyrətləndim. Bakı gözəldi! Burada qarışıq üslubda qədim evləri və özündə tarixi əks etdirən tikililəri görmək mümkündü. Biz qədim şəhərdə gəzdik, məşhur Qız Qalasını gördük, Filarmoniya bağının gözəlliyindən zövq aldıq və hətta milli mətbəxinizdən də daddıq. Daha çox nəyi bəyəndik? İnsanları. Bu heç nəylə müqayisə olunmayan və mənim çox darıxdığım Qafqaz qonaqpərvərliyidi.

 

- Yaxın gələcək üçün planlarınız nədir?
- Çox istəyirəm yayda Bakıya gəlim.