19:29 14-01-2015
news_image
820
TOP OYUNLARI

“Lokomotiv” Rusiya kubokunun sahibini darmadağın etdi - YENİLƏNİB

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə yarışda Azərbaycanın yeganə təmsilçisi olan “Lokomotiv” Krasnodar “Dinamo”sunu sınağa çəkib.

 

2015-ci ildə ilk rəsmi avrokubok matçını Bakıda keçirən “dəmiryolçular” Rusiya klubunu paytaxtımıza gəlməyə peşman edib. Teon Buijsin yetirmələri doğma publika önündə Rusiya kubokunun sahibinə heç bir şans verməyərək, “quru hesabla” qalib gəlib. 

 

Belə ki, oyunun startı kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr ötdükcə Super Liqanın sürpriz komandası təşəbbüsü ələ alıb və ilk hissəni 3 top irəlidə bitirib.

 

Əvvəlki beynəlxalq oyunlarda olduğu kimi legionerlərə güvənən hollandiyalı çalışdırıcı ikinci hissədə də düzgün taktika seçib. Krasnodarlıların hücumunu məharətlə dəf edən, top qəbulu və servisdə inamlı təsir bağışlayan “Lokomotiv” rəqibinə çətin anlar yaşadıb. Krasnodarlılar hesabı bərabərləşdirmək arzusunda olsa da, “dəmiryolçular” setlər arasındakı fərqi 2-yə qaldırıb.

 

Üçüncü set tam fərqli alınıb. Bu dəfə fəallaşan rəqib ardıcıl xallarla komandamızı ruhdan salmağa çalışsa da, Buijsin tapşırıqları bəhrəsini verib. Hətta hissənin sonlarında “Lokomotiv” 4 top geri düşsə də (17:21), əzmkarlıq sayəsində seti xilas edib. Voleybolçularımız 25:22 (!) hesabı ilə qalib gəlməklə, oyunun yekun nəticəsini müəyyənləşdiriblər – 3:0.

 

Darmadağın isə komandamızın yanvarın 20-də keçiriləcək cavab qarşılaşmasına rahat yollanmasına zəmin yaradıb. “Lokomotiv” Krasnodarda 2 hissədə qələbə qazanıb, oyunu uduzsa belə “Çelenc raund”a adlayacaq.

 

Qeyd edək ki, bu mərhələyədək “Lokomotiv” “Rote Raben”lə (Almaniya) “Srvena Zvezda”nı (Serbiya), “Dinamo” isə “Novara” (İtaliya) və “Hameenlinna”nı (Finlandiya) mübarizədən kənarlaşdırıb.

 

CEV kuboku

1/4 final, ilk oyun

“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Rusiya, Krasnodar) - 3:0 (25:22; 25:18; 25:22)

Hakimlər: Arnis Kelle (Latviya), Vyaçeslav Prozorov (Moldova)

Bakı, Voleybol Mərkəzi