13:21 14-01-2015
news_image
2682
TOP OYUNLARI

Ayşən Abduləzimova: Bu, bizi çəkindirmir

“Ciddi sınaq qarşısındayıq. CEV kubokunun 1/4 finalında qarşılaşacağımız Krasnodar “Dinamo”su ilə matça tam hazırıq və məqsədimiz yalnız qələbədi”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Lokomotiv” klubunun voleybolçusu Ayşən Abduləzimova deyib.

 

Azərbaycan millisinin şərəfini qoruyan blokçu CEV kubokunun 1/4 finalı çərçivəsində Rusiya “Dinamo”su (Krasnodar) ilə ilk oyundan öncə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədləri 2015-ci ilin ilk avrokubok qarşılaşmasında azarkeşlərə sevinc bəxş etməkdi: “Hamımız bu oyuna erkən final kimi baxırıq. Çünki heyətində bir çox təcrübəli oyunçular olan rəqib az öncə Rusiya kubokunu qazanıb və Superliqadada inamlı təsir bağışlayır. Lakin bu, bizi çəkindirmir. “Lokomotiv” də çıxış etdiyi hər bir yarışda iddialıdı. Hazırda komandamız çox gözəl formadadı. Yeni ilə Türkiyədə təlim-məşq toplanışı ilə start verib, “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray” kimi İstanbul nəhəngləri ilə gücümüzü sınadıq. İndi əsas məqsədimiz “Dinamo” ilə görüşdə də gücümüzü sübut etməkdi. Çalışacağıq ki, burada inamlı qələbə qazanıb, səfərə rahat yollanaq. Fikrimcə, Rusiya təmsilçisini mübarizədən kənarlaşdırsaq, sonadək irəliləyəcəyik”.

 

Abduləzimova bildirib ki, krasnodarlıları lazımınca analiz ediblər və rəqibə qarşı xüsusi sürpriz hazırlayıblar: “Düzdü, 2015-ci ilə Super Liqada məğlubiyyətlə başladıq. İlk dövrədə qalib gəldiyimiz “Rabitə”yə bu dəfə uduzduq. Həmin gün nəsə oyunumuz alınmadı. Lakin “Dinamo” ilə qarşılaşmada sübut edəcəyik ki, çox güclüyük. Rəqibə qarşı necə oynayacağımızı isə meydanda göstərəcəyik. “Dinamo” qalib gəlsə belə bu bizim üçün faciə olmayacaq. Çünki cavab görüşü də var və cütün taleyi bu oyunda da həll edilə bilər. Hədəfimiz ilk görüşdən maksimum yararlanmaqdı. Belə olan halda psixoloji üstünlük də tərəfimizdə olacaq”.

 

Qeyd edək ki, “Lokomotiv” – “Dinamo” oyunu bu gün saat 18:00-da Voleybol Mərkəzində olacaq.