Azərbaycan milli komandası Avropa çempionatında ilk oyununu Almaniyaya qarşı keçirəcək
17.04.2008 - 16:43
Azərbaycan milli komandası Avropa çempionatında ilk oyununu Almaniyaya qarşı keçirəcək
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət milli komandasının Rumıniyanın Tarqu Mures şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda keçirəcəyi oyunların təqvimi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, B qrupunda yer alan yığmamız ilk görüşünü avqustun 1-də Almaniyaya qarşı keçirəcək. Oqtay Ağayevin rəhbərlik etdiyi millimiz, həmçinin avqustun 3-də İsveç, 4-də İrlandiya, 5-də Çexiya ilə oynayacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə, 19 komanda mübarizə aparacaq. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.
0