Çexiyalı məşqçi: “Qarabağ”ın gücünə şübhə etmək olmaz”
12.08.2022 - 13:36
Çexiyalı məşqçi: “Qarabağ”ın gücünə şübhə etmək olmaz”

“Viktoriya” çempionatda və avrokuboklarda praqmatik futbol oynayır ki, bununla yüksəlişə layiqdir”.

Apasport.az saytının məlumatına görə, bunu çexiyalı futbol məşqçisi Vlastimil Paliçka deyib.

68 yaşlı mütəxəssis Plzen “Viktoriya”sının Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirib. O, həmyerlilərindən bu mərhələdə də uğurlu çıxış gözləyir: “Viktoriya”nın maliyyə baxımından vəziyyəti yaxşı deyildi. Buna görə də, ən azı pley-offa yüksəlmək lazım idi. Futbolçular çətin tapşırığın öhdəsindən gəldilər. Bu uğur təsadüf deyil. İndi yalnız son addım qalır. Əgər “Qarabağ”ı da aradan çıxara bilsələr, “bomba” olar”.

Paliçka hesab edir ki, “Viktoriya” müdafiə futbolu sərgiləməklə doğru taktika seçib: “Təmsilçimiz təcrübəli komandadır, oyunçular necə oynayacaqlarını dəqiq bilirlər. Kimsə onları çox müdafiədə oturduqlarına görə tənqid edirsə, bunda paxıllıq görürəm. Bu, çex rəngarəngliyidir. Əlbəttə ki, baş məşqçi Mixal Bilek “Çelsi” üslubunda futbol oynatmayacaq. Onlar öz keyfiyyətinə uyğun çıxış edirlər ki, bu da komandada yaxşı alınır.

Həm futbolçu, həm də məşqçi kimi bir çox klublarda çalışmış Vlastimil Paliçka “Qarabağ”ın güclü rəqib olduğunu əlavə edib: “Viktoriya”nın Çempionlar Liqasının qrupuna düşməsini çox istərdim. Amma onlar üçün çox çətin olacaq. Bizimkilərdə Azərbaycan klublarını aşağı qiymətləndirməyə meyillilik var. Ancaq onların bəziləri maddi baxımdan yaxşı təmin olunublar. “Qarabağ” da mütləq həmin klublardan biridir. Azərbaycan təmsilçisi güclü “Ferensvaroş”u mübarizədən kənarlaşdırdı. Bu səbəbdən onların gücünə qətiyyən şübhə etmək olmaz. Çox çətin rəqibdir”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

0