Apasport.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazılara start verir. Daim ölkə idmanını diqqətdə saxlayan “apasport” 4-cü İslam Həmrəyliyi Oyunlarının özəl qaydada işıqlandırılması, yarışın dünya idmanında xüsusi çəkisini üzə çıxaran rekordlarla bağlı maraqlı məqamları oxuculara çatdıracaq. 12 yazımızdan birincisi müsəlman dünyasının ən möhtəşəm idman yarışın yaranma tarixinə həsr olunur.
Biz burda İslamiadanın yaranma səbəbləri, bunu doğuran zərurət, həmçinin bir çoxlarının xəbərsiz olduğu keçmişdən bəhs edəcəyik. İlk növbədə də məhz çoxları üçün yenilik olan bu tarixə nəzər yetirəcəyik. O tarix ki, hələ ötən əsrin sonlarından başlayıb.
İslam Qadınları İdman Federasiyasının qoyduğu təməl
Düzdü, çoxları ilk İslam Həmrəyliyi Oyunlarının 2005-ci ildən keçirildiyini və ənənənin də həmin vaxtdan qoyulduğunu zənn edir. Əslində isə müsəlman idmançıların bir araya gəlib, eyni vaxtda bir sıra növlərdə qüvvələrini sınamasının təməli ötən əsrin 90-cı illərində İranda qoyulub. Cənub qonşularımız İslam Oyunları ideyasını ortaya qoyub. Lakin onlar bu yarışı yalnız qadınlar arasında təşkil ediblər. Özü də turnir tarixə Qadınların İslam Oyunları kimi düşüb. Bu da səbəbsiz deyildi. Çünki müsəlman qadınları, xüsusilə də iranlı xanımlar hər yarışda iştirak edə bilmirdilər. Onlar hicab taxdıqları üçün bəzən Olimpiada, Asiya Oyunları kimi böyük yarışlara ya buraxılmır, ya da məhdudiyyətlə çıxış edirdilər. Bu vəziyyətdən çıxış yolu olaraq, İslam Qadınları İdman Federasiyası yeni yarışın təməlini qoyub. Maraqlıdı ki, burda tək müsəlman ölkələri deyil, digər ölkələrdə yaşayan müsəlmanlara da iştirak icazəsi verilib. Bütün bu məqamlar yarışa marağı kifayət qədər artırıb.
Tehranla Rəştdən başlayan yol
Qadınların İslam Oyunlarına İran daimi ev sahibliyi edib. Tehran və Rəştdə baş tutan ilk sınaq 1993-cü ildə gerçəkləşib. Həmin vaxt təşkilatçılar 7 idman növü üzrə ən güclü qadın idmançıları müəyyənləşdirib. Bu növlərdən ikisi – həndbol və voleybol komanda idman növləri olubsa, badminton, atletika, qılıncoynatma, cüdo və üzgüçülük şəxsi xarakter daşıyıb.
Həmin Oyunlarda 10 ölkə mübarizə aparıb. Müstəqilliyini yeni əldə edən Azərbaycan üçün də bu, ilk ciddi sınaqlardan biri olub. Yığmamızla yanaşı, keçmiş SSRİ-dən Qırğızıstan, Türkmənistan və Tacikistan da Rəştə gələnlər sırasında yer alıb. Bu 4 ölkə və meydan sahiblərindən başqa, Suriya, Oman, Banqladeş, Pakistan və Malayziya İslam Oyunlarının cığıraçanlarından olub.
72 dəst medalın oynanıldığı yarış Azərbaycan millisi üçün də kifayət qədər uğurlu alınıb. Təmsilçilərimiz qonşu ölkədə 12 dəfə himnimizi səsləndirməyi bacarıb. 17 gümüş, 15 bürünc medal da qazanan komandamızın ümumi mükafatlarının sayı 44 olub. Millimiz medalların əyarına görə 3-cü yeri tutub. Birinci olan Qırğızıstan meydan sahiblərini də arxada qoymağı bacarıb. Ümumiyyətlə, iştirakçı ölkələrdən Malayziya ilə Omandan başqa, hamı fəxri kürsüdə yer alıb.
Hətta Okeaniya da İslam Oyunlarına qoşuldu
Bu yarış da Olimpiya Xartiyasına əsasən davam etdirilməyə başladı. Yəni yay və qış olimpiya oyunları kimi 4 ildən bir təşkil olundu. Bunun üçün də II Oyunları gözləmək üçün 4 il vaxta ehtiyac duyuldu. Bu müddət isə yarışın coğrafiyasını genişləndirib. Bu dəfə Oyunlar yalnız paytaxt Tehranda baş tutsa da, ölkələrin sayı 21-ə çatıb. Təbii ki, bu da idmançıların təxminən 2 dəfə artması ilə nəticələnib. 1997-ci ildə İranda 748 atlet medal ardınca gəlib. Əsasən asiyalıların çıxış etdiyi ilk yarışla müqayisədə bu dəfə Avropadan Bosniya və Herseqovina, Okeaniyadan Fici, Afrikadan Niger və Sudan iştirakçılar sırasına qoşulub.
İdman növləri 4 il əvvəllə müqayisədə dəyişməsə də, medal dəsti 155-ə çatıb. Bu mükafatlardan 7 “qızıl”, 13 “gümüş” və 32 “bürünc” Azərbaycan millisinin payına düşüb. Yığmamız komanda hesabında 3 pillə geriləyərək, 6-cı olub. Yarışın aşkar lideri İranla yanaşı, Qazaxıstan, İndoneziya, Qırğızıstan və Suriya bizi qabaqlayıb. Ümumiyyətlə, iştirakçılardan 12-si Tehranda medal sevinci yaşayıb.
Növlər artdı, Azərbaycan mövqeyinə qayıtdı
Ənənəyə sadiq qalaraq, yenə 4 il sonra təşkil olunan Qadınların III İslam Oyunları bu dəfə də 2 şəhərdə keçirilib. 23 ölkədən 795 atletin qatıldığı yarışda öncədən 34 yığmanın iştirakı gözlənilirdi. Lakin Əfqanıstanda başlayan müharibə səbəbindən bir sıra komandalar bu turnirdən kənar qalıblar. Əvəzində heç də islam ölkəsi olmayan Böyük Britaniyanın müsəlman idmançıları yarışda qüvvəsini sınamaq imkanını qazanıb. Həmçinin Konqo, Hindistan, Mərakeş, Seneqal, Uqanda kimi ölkələr də bayraqlarını Oyunlar kəndində dalğalandırıblar.
Yarışın proqramında da xeyli dəyişikliklər edilərək, idman növlərinin sayı 14-ə çatdırılıb. Komanda idman növlərindən basketbol, futzal, fərdi növlərdən isə şahmat, gimnastika, karate, atıcılıq, stolüstü tennis, tennis və taekvondo da xanım idmançılara mübarizə imkanı yaradıb. İlk 2 turnirlə müqayisədə bu dəfə cüdo və atletika Oyunlardan çıxarılıb.
Azərbaycan millisi də turnirdə uğurla çıxış edib. Yığmamız 8 il əvvəlki nəticəsini təkrarlayaraq, komanda hesabında İran və Suriyadan geri qalaraq, yenə 3-cü olub. İdmançılarımız cənubda 8 qızıl, 11 bürünc və 13 bürünc medal qazanıblar.
ABŞ və Rusiya İslam Oyunlarına gəldi, yarış dayandı
Qadın İslam Oyunlarının daha geniş coğrafiya alması və islam ölkələri arasında populyarlıq qazanması kişilərin də bu tip yarışlarda iştirakını gündəmə gətirib. Məhz bunun nəticəsində 2005-ci ilin aprelində Səudiyyə Ərəbistanında ilk İslam Həmrəyliyi Oyunları baş tutub. Bu yarışda həm kişi, həm də qadınlar mübarizə apardığından İranda təşkil olunan qadınların yarışının nüfuzu kölgə altına düşüb. Sentyabrda Tehran və Rəştdə baş tutan IV Oyunların yüksək səviyyədə keçməsi üçün az qala bütün ölkələrin müsəlman idmançılarına dəvət göndərilib. Nəticədə dünya idmanın nəhəngləri ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Almaniya kimi millilər İrana təmsilçi ezam edib. Hətta Ermənistan, Gürcüstan, Cənubi Koreya da daxil olmaqla, 45 ölkə 1316 idmançını turnirə göndərib. Bu dəfə 16 idman növündə 90 dəst medal oynanılıb. Atletika və cüdo yenidən proqrama qayıdıbsa, qolf, skvoş kimi növlər Oyunlarda debüt edib. 2005-ci ildə də iştirakçılar arasında olan yığmamız tarixinin ən uğursuz nəticəsinə imza atıb. Millimiz cəmi 6 medal – 3 qızıl və bürünc qazanmaqla, komanda hesabın 11-ci olub. İran yığması isə ardıcıl 3-cü və sonuncu qələbəsini qazanıb. Belə ki, 23 ölkənin medal qazandığı Oyunlar tarixə sonuncu kimi düşüb.
13 ildə 134 medal
Qadın İslam Oyunlarının tarixin yaddaşına köçməsinin başlıca səbəbi məhz İslam Həmrəyliyi Oyunlarının təməlinin qoyulması olub. Artıq hər ölkənin deyil, yalnız İslam Konfransı Təşkilatı üzvlərinin qatıla bildiyi yarış şərtlərin sərtləşdirilməsi səbəbindən daha ciddi xarakter alıb. Bu da 1993-2005-ci illəri əhatə edən ilk yarışın davam etdirilməsini mənasız edib. Buna baxmayaraq, Oyunlar tarixdə öz izini buraxıb.
Təbii ki, xanımların mübarizəsi müstəqil Azərbaycan idmanında da öz yerini tutub. Hər halda, təmsilçilərimiz 13 il ərzində 134 medal qazanmağı bacarıblar. Bu isə ölkəmizə mükafat qazanan ölkələr sırasında 5-ci olmağa imkan verib. İran, Qazaxıstan, Qırğızıstan və Suriyadan geri qalan Azərbaycanın himni İranda 30 dəfə səsləndirilib. Atletlərimiz 41 dəfə fəxri kürsünün ikinci, 63 dəfə üçüncü pilləsinə qalxıblar.
Düzdü, medal qazanan təmsilçilərimizin hamısının müsəlman olduğunu da söyləmək olmaz. Çünki komanda idman növlərində və bəzi fərdi yarışlarda milliləşdirilmiş legionerlərimiz qüvvəsini sınayıb. Lakin bu amil nə Qadın İslam Oyunları, nə də İslam Həmrəyliyi Oyunlarında vacib şərt kimi qəbul edilməyib. Ona görə də əcnəbilər uğurlarımızda pay sahibi ola biliblər.
Kameralardan gizli qoyulan və inkişafdan qalan yarış
Yarışların tarixin yaddaşına köçməsini İslam Qadınları İdman Federasiyasının fəaliyyətinin zəifləməsi ilə də bağlamaq olar. Qurumun yaradıcısı və prezidenti olan Faizə Haşimi Rəfsəncaninin daha çox siyasətə qoşulması idman idarəçiliyini arxa plana keçirib. Nəticədə federasiya tədricən süquta doğru gedib. Hərçənd həmin illər İran hökuməti İslam Qadınları İdman Federasiyasına yarışların təşkili üçün 1,4 milyon dollar ayırıb. Bu da ümumi xərclərin təxminən yarısını ödəyib. Digər xərclər isə kommersiya tərəfdaşları və sponsorlar hesabına əldə olunub. Dünya idmanında ən böyük gəlir mənbəyi olan teleyayımdan qazanc götürmək isə bu Oyunlarda mümkünsüz olub. Çünki islam adət-ənənələrinə uyğun keçirilən yarışın yayımlanması qadağan edilib. Bu azmış kimi, arenalara kamera da buraxılmayıb. Eyni zamanda, yarışların keçirildiyi idman qurumlarına kişilərin girişi qadağan edilib. Əslində yayımın olmaması bir tərəfdən də turnirin böyük populyarlıq qazanmasına mane olub.
Beləliklə, Qadınların İslam Oyunları cəmi 4 dəfə təşkil edildikdən sonra yerini daha müasir olan İslam Həmrəyliyi Oyunlarına verib. Lakin bu o demək deyil ki, İranda bu tip yarışların keçirilməsi də başa çatıb. Əksinə, hər il demək olar ki, bütün idman növləri üzrə “Fəcr” turnirləri baş tutur. Bu da müsəlman idmançıları birgə araya gətirmək üçün növbəti cəhddi.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
- Bakıda sprint yarışı başa çatıb - YENİLƏNİB
- "Formula-2": Yaponiyalı sürücünün bolidində yanğın baş verib - FOTO