"Rəqibi təbrik edirəm. Çox yaxşı mübarizə apardılar, çox istəkli idilər. Layiqli mübarizə apardılar. Biz passiv başladıq. Çoxlu top itkilərinə yol verdik. Qol buraxıdqdan sonra canlandıq. Nəzarət bizdə idi. Amma 2-ci qoldan sonra demək olar ki, oyunun nəticəsi bəlli idi. Komandada belə şey formalaşıb ki, qol buraxandan sonra aktivləşir. Bu həmişə effekt verməyə bilər. 2:0-dan sonra oyunu dəyişmək çox çətin idi. Nəticə çıxarmaq lazımdır. Daha aktiv başlamalıyıq".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, Premyer Liqanın XXII turunda komandasının autsayder "Səbail"ə 0:2 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransında sualları cavablandırıb:
– Bu gün pis oynayıb uduzdunuz?
– Bərabər səviyyəli oyun gedirdi. Bu oyun mənə kifayət etmirdi. Bu gün yaxşı oynadıq deyə bilmərəm. Daha üstün, dominant oynamağa çalışdıq. Rəqib buna imkan vermədi. Rəqibə də imkan verdik ki, pressinqi effektiv olsun. Top itkilərimiz oldu. Komandadan daha yaxşı oyun gözləyirdim.
– Millidə Şahin Diniyevin futbolçusu olmusunuz. İlk dəfə üz-üzə gəlirsiniz. Şahin Diniyevi yaxşı analiz edə bilmədiniz?
– Qarşımızda fərqli "Səbail" var idi. Əvvəlkilərlə inidiki oyun arasında fərq çox idi. Çünki bilirdim ki, qarşımızda fərqli komanda olacaq, rəqib bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Bilirdim ki, rəqibdə boşluqlar olmayacaq. Şahin müəllim komandasını oyuna yaxşı hazırlaşdırmışdı. Gedişat pis olanda da komandasını oyuna yaxşı hazırlaya bilir. Səhv etmirəmsə, "Səbail"ə ilk məğlubiyyətimizdir. Qalib gəlmək istəyirdik. "Neftçi" də heç-heçə etmişdi. Şansımız var idi ki, 3-cü yerə yaxınlaşaq. Təəssüf ki, bu şansı qaçırdıq.
– Sosial şəbəkələrdə nəticələrinizə görə narazılıqlar var. Təzyiqə davam gətirəcəksiniz?
– Mən tənqidləri eşitməmişəm. Sosial şəbəkələri oxumağa vaxt olmur. "Neftçi" və "Qəbələ"yə qarşı yaxşı oynadıq. Futbolu bilən insanlar müsbət fikirlər səsləndirdi. Bu gün həmin komandanı görə bilmədik. Süni meydanda oynayırdıq, rəqib sonuncu pillədə idi. Bu cür rəqiblə oynamaq çətindir. Çünki ölümünə oynayırlar. "Səbail" də belədir. Yolumuza davam edirik. Narazı qalacaq bir şey yoxdur. Potensial olaraq layiqli yerimizdəyik. "Neftçi", "Sabah" bütün komandalardan fərqlənir. 4-cü sıra bizim üçün pis nəticə deyil.
– Hədəf 4-cü yerdə qalmaqdır?
– Məqsəd 3-cülük uğrunda mübarizə aparmaqdır. Hədəf çox ola bilər, amma gedişatdan çox şey asılıdır. Çox çətin qələbələr qazanırıq. İmkanlarımız çox olur, fərqlənə bilmirik. Qapımızdan isə kobud şəkildə qollar buraxırıq. Görməmişəm ki, pis oynayıb qalib gələk. Hər oyun da yaxşı oynamaq alınmır. Oyunlarımızda çox hadisələr baş verir ki, bu üzücüdür. Amma səbir etməliyik. İşləmək lazımdır.
– Mərkəz müdafiəçisi sıxıntınız var?
– Təbii ki. Sıxıntılar var. Bu günün yox, uzun müddətin problemidir. Axtarıram. Tapmışdım, gətirə bilmədim. O mövqeyi gücləndirməliyik.
– Eldar Quliyevin transferi barədə fikriniz necədir?
– Eldarı 1 ilə yaxındır komandamda görmək istəyirdim. Bu transfer dönəmində razılaşdıq. Proses uzun çəkdi. Danışıqlar erkən bitsəydi, oyunlarda artıq iştirak edərdi. 1-2 gündür ki, komandaya qoşulub. Gəncdir. Amma risk edə bilmərik. Son rəsmi oyununu noyabrda oynayıb. Müəyyən fərdi məşqlər edir. Formaya salmağa çalışacağıq. Vladislav Kulaçın zədələnməsi məyusedicidir. Həmin futbolçular da komandaya qatılandan sonra keyfiyyətmiz artacaq.
– Mayda müqavilə müddətini uzadacaqsınız?
– Həm bugünə, həm də gələcəyə yönəlik transferlərdir. Burada qalacağam ya yox, fərqi yoxdur. Burada olduğum vaxtda işimi layiqincə yerinə yetirirəm. Özümün müqavilənin müddətini uzadıb-uzatmamasına zaman var. Maya qədər vaxtımız var. Onda vəziyyəti təhlil edib qərar qəbul edəcəyik.
- Fərid Qayıbov: Xankəndi - Bakı ultramarafonu çox çətin marafon idi - FOTO
- Mutunun “Neftçi”dəki köməkçiləri açıqlandı
- “Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”
- "Bakı" və "Azəryol" Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
- Azərbaycan və Türkiyə qaziləri dünya çempionatında - FOTO