Aslan Kərimov: "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır"
12.12.2024 - 16:56
Aslan Kərimov: "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır"

“Malmö” və “Elfsborq”u öz liqamız ilə müqayisə etsək, “Qarabağ” və “Sumqayıt” klubları kimi dəyərləndirmək olar. Ötən mövsüm çempionatı “Malmö” birinci, “Elfsborq” isə yeddinci sırada tamamlayıb”.

Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Keçmiş futbolçu UEFA Avropa Liqasının VI turunun “Elfsborq”-“Qarabağ” matçını dəyərləndirib: “Düşünürəm ki, rəqibin ev oyununda məğlub olmaması götərici deyil. Avrokuboklar xaric, sonuncu dəfə rəsmi matça bir ay bundan qabaq çıxıblar. Daha sonra iki dəfə yoldaşlıq görüşü keçiriblər. Əslində bu oyunla bağlı bir neçə faktor var. Bizim əleyhimizə olan hava şəraitidir. Mənfi dərəcəli havada matça çıxmağa bizim futbolçularımız öyrəşməyib. Bu baxımdan adaptasiyada rəqib üstün olacaq. Süni ot örtüyü məsələsində isə “Qarabağ”ın bu meydançalara öyrəşdiyini deyə bilərəm. Təmsilçimiz vaxtı ilə “Yanq Boyz”, “Bodo-Qlimt”lə qarşılaşmalarda da süni meydançada oynayaraq, qələbə qazanmağı bacarıb. Məncə bunlar cüzi faktorlardır. “Elfsborq”un iştirak etdiyi İsveç çempionatının bitməsi, “Malmö” ilə müqayisədə zəif olması bizim lehimizədir. Avropa Liqası klubları ilə müqayisədə İsveç təmsilçisi daha aşağı səviyyəli bir komandadır. "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır. Mənə elə gəlir ki, “Elfsborq” beş müdafiəçi ilə matça çıxacaq. Arxadan oyun qurmaqla hücuma çıxmağa üstünlük verirlər. Amma bu, bəzi mühüm səhvlər etmələrinə gətirib çıxarır. Fikrimcə, “Qarabağ”ın sürətli futbolçuları rahatlıqla müdafiə xəttini yararaq, qol vura bilərlər. Ümumiyyətlə, İsveç çempionatında “Malmö”dən başqa heç bir komanda texnikalı oyun nümayiş etdirmir. Məncə bu oyunda “Qarabağ” texnika cəhətdən üstündür. Yeganə bizim üçün təhlükə yaradacaq tək şeyin əks-hücumlar olduğunu düşünürəm. Hər halda, “Elfsborq” nə “Tottenhem”dir, nə “Lyon”dur, nə də ki, “Ayaks”dır. Ki, kiçik bir səhvimizdən yararlansınlar. Hətta heç-heçə belə bizim üçün yetərli deyil. O ki, qaldı bizim itkilərə, təbii ki, bu hal oyunumuza təsir göstərə bilər. Fikrimcə, ən böyük boşluğumuz Kevin Medinanın bu görüşdə iştirak etməməsidir. Medinanın son dönəmlərdəki çıxışı açıq-aşkar göz önündə idi. “Qarabağ”ın çətinlik çəkdiyi bir çox rəqibə qarşı Medina komandanı xilas edirdi. Bəhlulun olmaması da təmsilçimizin işini bir az çətinə sala bilər. Müdafiəçilərimizdən bugünkü matçda yalnız əks-hücumlardan diqqətli olmağı gözləməliyik. Bu görüşdə təmsilçimizi çətinə sala biləcək şeylərdən biri də standart vəziyyətlərdir. Tək bizim üçün yox, ümumiyyətlə heç bir klub bu kimi vəziyyətlərdən sığortalanmayıb. Ən yaxşı komandalar belə standart vəziyyətlərdən qol buraxa bilir. Ümid edək ki, bu hal bizim başımıza gəlməz. “Qarabağ”ın bu görüşdə qalib gəlmək şanlarını 70-75 faiz olaraq qiymətləndirirəm”.

Qeyd edək ki, “Elfsborq”- “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 12-də başlayacaq.

Hacı Heydər

writer photo
Əlirza Əlirzalı
0