Aleksandr Çertoqanov: "Yəqin ki, bizim dövrümüzdə də danışılmış oyunlar olub" - "Ofsayd"
18.12.2019 - 14:05
Aleksandr Çertoqanov: "Yəqin ki, bizim dövrümüzdə də danışılmış oyunlar olub" - "Ofsayd"

Azərbaycana gələn əcnəbilərdən çox az hissəsi burada uzun müddət möhkəmlənib, karyerasının böyük hissəsini ölkəmizə həsr edib.

Apasport.az saytının məlumatına görə, onlardan biri futbolumuza maliyyə axınının başladığı 2004-cü ildə Ukraynadan gələn Aleksandr Çertoqanovdur. 2004-cü ildə "Bakı"nın ölkəmizə gətirdiyi sabiq yarımmüdafiəçi karyerasının sonuna - 2013-cü ilə qədər Premyer Liqamızda top qovdu. Bu müddətdə növbə ilə "Bakı", "Neftçi", "Simurq", "İnter", "Qəbələ" və "Sumqayıt"ın formasını geyindi, 2006-2013-cü illər aralığında Azərbaycan millisinin heyətində 54 matçda iştirak etdi.

"Ofsayd" rubrikamızın budəfəki qonağı karyerasını bitirdikdən sonra vətəni Ukraynaya qayıdan Çertoqanovdur.

"Həyatda olmayan dostuma görə Bakıya gələcəyəm"
- Harada yaşayırsınız, nə işlə məşğulsunuz?
- Ukraynada, Dnepropetrovskda yaşayıram. Açığı, heç bir işlə məşğul deyiləm. Bunun da müəyyən səbəbləri var. Bəzi problemlərim var, onları birtəhər həll etməyə çalışıram.

- Azərbaycanda qalıb ən azı uşaq futbolunda çalışa bilməzdiniz?
- Əlbəttə, qala bilərdim. Ancaq ailəm, övladlarım var. Bu amil Bakıda qalmaq baxımından vəziyyəti çətinləşdirirdi.

- Ukraynaya getdikdən sonra heç bura qayıtmaq imkanınız olub?
- Qayıtmaq imkanı hər zaman var. Ancaq Bakıya dönmək üçün nəsə iş olmalıdır ki, bu da ayrı məsələdir. İndi belə bir perspektiv yoxdur.

- Azərbaycandan sizi axtaran varmı? Siz özünüz daha çox kim üçün darıxırsınız?
- Bakıdan, oradakı dostlarımdan ötrü çox darıxıram. Artıq həyatda olmayan dostum Əhmədə görə payızda Bakıya gələcəyəm.

"Millidə hamının yaxın münasibətdə olmadığı məlum idi"
- Ölkəmizdə 6 klubda çıxış etmisiniz. Hansını fərqləndirərdiniz?

- Orada oynadığım komandaların hamısı mənim üçün dəyərli idi. Onların hamısı ilə xoş münasibətim olub. Formasını geyindiyim 6 klubun heç birində özümü ora lazımsız kimi hiss etmirdim. Hərçənd "Neftçi" və "Qəbələ"də elə anlar olmuşdu ki, ondan sonra yəqin ki, yaxşı iz qalmayıb. Ancaq bu, klub rəhbərliyindən və məndən asılı idi. Əgər onlar belə davrandılarsa, deməli, mənim günahım var idi. Hansısa hərəkəti niyə etdiyinizi başa düşməməyiniz, sadəcə ayıbdır.

- Bu komandalarda əsas heyət üzvü olmusunuz. Ancaq ən çox tənqid olunan futbolçu da siz olmusunuz. Bundan xəbərdar idinizmi və heç səbəblərini öyrənməyə çalışdınızmı?
- Tənqidlər hər zaman normal səviyyədə olub. Mətbuat bu barədə daha çox yazırdı. Bunu görməzlikdən gəlməyə çalışırdım. Ancaq oynadığım komandalarda məşqçilərin heç vaxt mənimlə bağlı böyük şikayətləri olmayıb.

- Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində 1 xal topladı. Sizin vaxtınızdakı yığmanı tənqid edənlərə indi cavabınız nədir?
- O vaxt yığmada biz oynayırdıqsa, indi başqa futbolçular çıxış edir. Azarkeşlərin bizə qarşı tənqidlərini haqlı hesab edirəm. Komandanın seçmə mərhələlərdə bir neçə qələbəsi olurdu ki, azarkeşlər bundan razı qala bilməzdilər. Üstəlik, Azərbaycan millisi tarixi ərzində final mərhələsinə vəsiqə qazanmayıb. Ancaq 100 faiz əmin ola bilərsiniz ki, hər dəfə buna çalışırdıq və meydançada əlimizdən gələni artıqlaması ilə edirdik.

- Həmin vaxt yığmada qruplaşmalar olduğu deyilirdi. Siz hansı cəbhədə idiniz?
- Mən millidə oynadığım zaman komanda daxilində qruplaşma yox idi. Bəli, hamının bir-biri ilə çox yaxın münasibətdə olmadığı məlum idi. Ancaq mehriban kollektivimiz var idi və heç vaxt aramızda anlaşılmazlıq olmayıb.

"Foqts bunu görməsəydi, uzun müddət orada işləməzdi"
- Yığmada oynayan əcnəbilər Bakıda hansısa biznes sahəsi ilə məşğul olurdular. Sizdə belə şey var idimi?
- Bakıda bir işim var idi. Amma bu barədə heç nə deyə bilmərəm.

- İndi milliləşən əcnəbilərə 1 milyona yaxın pul verildiyi deyilir. Sizin vaxtınızda pul məsələsi necə idi?
- Yığmada ödəniş hamıya eyni edilirdi. Birincisi, orada özümü əcnəbi kimi hiss etmirdim. İkincisi, Azərbaycan millisi üçün ürəyimlə oynamışam. 200 manat və ya 10 min manat vermələrinin mənim üçün heç bir fərqi yox idi. Ölkənin şərəfini qoruduğum üçün qürur duyurdum. Azarkeşləri sevindirmək istəyirdim. Baxmayaraq ki, belə anlarımız çox deyildi.

- Rəhbərliyi altında oynadığınız Berti Foqts deyirdi ki, Azərbaycan güləş və şahmat ölkəsidir. Azərbaycanda, həqiqətən də, futbol oynamağı bacarmırlar?
- Berti Foqts yəqin ki, mübarizənin daha çox inkişaf etdiyini demək istəyib. Düşünürəm ki, Foqts ölkədə futbol görməsəydi, belə uzun müddət orada işləməzdi. Sadəcə, o, maksimumu sevirdi, dünya çempionu idi. Bizimlə işləmək yəqin ki, Foqts üçün asan deyildi. Ancaq məndə işimiz barədə xoş təəssüratlar yarandı.

"Azərbaycan dilini öyrənmədiyim üçün peşmanam"
- Bu günlərdə danışılmış oyunlara görə, 28 nəfər futboldan uzaqlaşdırıldı. Bir neçə il əvvəl də eyni cəzalar tətbiq edilmişdi. Burada oynadığınız illərdə belə şeylər eşitmisinizmi və sizə analoji təklif olubmu?
- Bununla bağlı mənə təklif gəlməyib. Amma söz-söhbət hər zaman olub. Yəqin ki, o dövrdə də belə oyunlar olub. Amma olsa belə, çox az olardı. Çünki bütün komandalar nəyəsə görə sona qədər mübarizə aparırdılar, hamısında da yaxşı şərait var idi. Son vaxtlar danışılmış oyunlar məsələsi yəqin ki, klubların maddi cəhətdən qeyri-stabil olması ilə bağlı meydana gəlib. Düşünmürəm ki, yaxşı yaşayışı olan futbolçu belə bir işə əl atar.

- Azərbaycanın bir çox bölgəsində olmusunuz. Hansı şəhər daha çox xoşunuza gəlib?
- Bölgələrdən Masallı və Qəbələni çox bəyəndiyimi deyə bilərəm.

- Mətbəximizdən ötrü darıxmırsınız?
- Düzü, o qədər də darıxmıram. Çünki Ukraynada çoxlu Qafqaz mətbəxi olan restoranlar var. Ürəyim istəyəndə gedib yeyirəm.

- 12 ildən çox burada yaşadınız. Azərbaycan dilini niyə öyrənmədiniz?
- Azərbaycan dilində çox da yaxşı öyrənmədim. Sadəcə, ünsiyyət qurduğum hər kəs rusdilli idi. Gündəlik həyatımda yerli dildə danışmağa çox ehtiyac da qalmırdı. Buna baxmayaraq, indi peşmanam.

"Oradakı insanlara çox pul vermişəm, hələ də borclarını qaytarmırlar"
- Burada müsbət və mənfi mənada nələrə təəccübləndiniz?

- Ölkədə hər şeyin sürətlə inkişaf etməyə başlaması təəccüblü idi. Ən çox məyus edən isə son vaxtlar futbola marağın azalmasıdır.

- Azərbaycanla bağlı unuda bilmədiyiniz maraqlı xatirələr varmı?
- Belə anlar çoxdur. "Bakı"da olduğum ilk ilimdə Azərbaycan kubokunu qazandım. Bu komanda və ona rəhbərlik edənlər çox maraqlı insanlar idi. "Birlik kuboku"nu və Azərbaycan millisinin heyətində qələbə qazandığımız matçları da unutmuram. "İnter"lə qazanılan çempionluq, "Simurq" və "Sumqayıt"ı sevən azarkeşlər yaxşı yadımdadır. Hamısı xoş xatirələrdir.

- Azərbaycanda sizə borclu olan kimsə qalıbmı?
- Bəli, qalıb. Hələ də borcumu ödəməyən şəxs var. Bu problem həllini tapmasa da, hələlik onun adını açıqlamaq istəmirəm. Vaxtı gələndə deyəcəyəm.

- Danışığınızdan belə başa düşürəm ki, maddi durumunuz yaxşı deyil...
- Maliyyə imkanım orta səviyyədədir. Oradakı insanlara çox pul vermişəm. Onlara etibar etmişdim, güvənmişdim. Ancaq hələ də borclarını ödəməyə tələsmirlər.

- Azərbaycana qayıtmaqla bağlı nə vaxtsa təklif almısınız? Təklif olsa, hansı cavabı verərsiniz?
- İndiyə qədər heç bir təklif olmayıb. Yəqin ki, indiki durumda ora gəlmək ehtimalım azdır. Hazırda işləmək üçün ora yollanmağım çətin görünür. Ancaq Azərbaycanda həmişə xoşbəxt olmuşam.

0
Aleksandr Çertoqanov Azərbaycan millisi Ofsayd