Elxan Abdullayev: “Bu gün irəli getmək üçün zəmanə adamı olmalısan” - MÜSAHİBƏ
15.11.2019 - 14:43
Elxan Abdullayev: “Bu gün irəli getmək üçün zəmanə adamı olmalısan” - MÜSAHİBƏ

O, daha çox köməkçi-məşqçi kimi xatırlanır. Hərçənd məşqçilik karyerasına 2000-ci ildə Bakı "Dinamo"sunun baş məşqçisi kimi başlamışdı. Müəyyən dövrlərdə "Qarabağ" və AZAL-a da qısa müddət rəhbərlik etdi. Uzun illər Azərbaycan millisində əcnəbi çalışdırıcıların sağ əli oldu. Sonuncu dəfə isə "Neftçi"ni çalışdırmaqla bir növ özündən də tanınmış mütəxəssis olan atasının vəsiətini yerinə yetirdi.
Hazırda məşqçilikdən uzaq düşən Elxan Abdullayev AFFA-da koordinator köməkçisi kimi çalışır. İstənilən məşqçi isə meydançada olmadığı zaman özünü quruya düşmüş balıq kimi hiss edir. Hazırda da ölkəmizdə kənarda qalan, futbol termini ilə desək, ofsayda düşən məşqçi, futbolçu və ya digər növlər üzrə idmançıların sayı sadalamaqla bitməz.
Apasport.az saytının "Ofsayd" rubrikasının ilk qonağı da məhz Elxan Abdullayevdir. 49 yaşlı mütəxəssis sevimli peşəsindən uzaq düşməsinin səbəblərindən danışdı, kublarla bağlı narazılıqlarını dilə gətirdi.

“Hazırda elə bir klub rəhbəri görmürəm ki, məni başa düşsün, dəstəkləsin”
- Peşəkar futbolçu və məşqçilik karyeranızı nəzərə alsaq, 30 ildir futbolun içindəsiniz. Bu qədər təcrübədən sonra Elxan Abdullayev hazırda Azərbaycan futboluna hansı xidməti göstərir?

- Təxminən bir ilə yaxındır ki, AFFA-da koordinatorun köməkçisi kimi fəaliyyət göstərirəm. Yəni aşağı yaş qrupu üzrə milli komandalarla işləyirəm. U-15-dən U-19-a kimi olan komandalarla çalışırıq.

- Ancaq sizin əsas işiniz koordinatorluq yox, məşqçilikdir. "Neftçi"dən ayrıldıqdan bəri heç bir təklifiniz olmayıb?
- "Neftçi"dən sonra təkliflər olub, amma imtina etmişəm. Sözün düzü, yerli klublarda işləmək istəmirəm. İndiki durumda bu mənə maraqlı deyil. Məqsədim buradan getmək, xaricdə işləməkdir. Bu yöndə isə hələ ki, yaxşı təklif yoxdur.

- Yerli klublarda işləmək istəməməyinizin səbəbi çempionatın səviyyəsinin aşağı olmasıdır, yoxsa idarəçilik, məşqçilərə qarşı münasibət sizi bu qərara vadar edib?
- Azərbaycanda bir neçə klubda işləmişəm. İndi daha güclü çempionatlarda çalışmaq istəyirəm. Bunun üçün də gücüm, enerjim var. Daha yaxşı və maraqlı yerlərdə çalışmağı hədəfləyirəm. Çempionatımızı pisləmək istəmirəm. Amma çox maraqsız keçir.

- Ruslan Abdullayevin varisi olaraq bu cür münasibət sizi məyus etmir?
- Bilirsiniz, bu gün irəli getmək üçün zəmanə adamı olmalısan. Mən də belə bir insan deyiləm. Futbol böyük bir ailədir. Burada hamı bir-birini başa düşməlidir. Götürək elə rəhbər-məşqçi münasibətini. Əgər rəhbər məşqçiyə inanmırsa və ya məşqçi görürsə ki, ona qarşı münasibət ürəyincə deyil, ən yaxşısı həmin işə başlamamaqdır. Azərbaycanda hazırda elə bir klub rəhbəri görmürəm ki, məni başa düşsün, dəstəkləsin. Buna görə də başımı ağrıtmaq istəmirəm. Düşünürəm ki, alınmaya bilər. Əlbəttə ki, indiki vəziyyət mənə pis təsir edir.

"Soyadım Abdullini olsaydı, yüksək məbləğdə maaş alardım"
- "Neftçi"dən heç də yaxşı şəkildə ayrılmadınız, azarkeşlərlə aranızda anlaşılmazlıqlar oldu. Həm sizin belə soyuq yanaşmağınıza, həm də klubların sizə qarşı olan bu münasibətinə həmin amilin təsiri olub?

- Açığı, mənə elə bir rəhbər lazımdır ki, həm dəstək versin, həm dostum olsun. Belədə yüz faiz bilirəm ki, nəticə də yaxşı olacaq. İndiki vəziyyətdə belə birini görmürəm. O ki qaldı "Neftçi"yə, bu komanda yüksək yerlərə layiqdir. Hər bir məşqçi kimi, mənim də arzum "Neftçi"ni çalışdırmaq olub. Bu arzuma çatdım. Əfsuslar olsun ki, yaxşı nəticə qazana bilmədim. İnanıram ki, vaxt gələcək, yenə "Neftçi"nin baş məşqçisi olacam. Ancaq başqa cür. Ona da hazır olmalıyam. Azərbaycan futbolunda çox şey dəyişiləcək. İnanıram ki, nə vaxtsa futbola bu sahəni sevən, dəstəkləyən insanlar gələcək. Bir günə nəticə istəməyən rəhbərlər də olacaq. İndi Azərbaycanda yeni komanda yaranan kimi rəhbər çempionluq, avrokubokda iştirak tələb edir. Bu peşəkar yanaşma deyil. "Mütləq çempion olmalıyıq, Avropada oynamalıyıq" düşüncəsi ancaq Azərbaycandadır. Hər şeyin düzəlməsi üçün də səbirli olmaq lazımdır. Azərbaycanda futbol sistemi yoxdur. Sistemli işə qol qoyanlarla çalışmaq çox rahat olar. Çünki onlar məşqçinin nələr istədiyini yaxşı başa düşürlər. Mən də sistemlə çalışmağı xoşlayan məşqçiyəm.

- Sizin azarkeşlər barədə işlətdiyiniz sözlərin qat-qat artığını indi Roberto Bordin deyir. Ancaq klub rəhbərliyi onun önündə qalxan rolunu oynayır. Əcnəbilərə olan imtiyaz nədən qaynaqlanır?
- Şəxsən mən belə şeylərə yaxşı baxıram. Rəhbərlik baş məşqçini dəstəkləməlidir. Bu, rəhbərliyin müsbət cəhətidir. Amma təkcə əcnəbiyə yox. Azərbaycanda həmişə əcnəbi yerlidən üstün tutulub. Rəhmətlik Böyükağa müəllim yaxşı deyirdi ki, soyadım Hacıyev yox, Haciyevski olsaydı, irəli gedərdim. Mən də bu fikri təsdiqləyirəm. Soyadım Abdullayev yox, Abdullini olsaydı, məni də müdafiə edər, yüksək məbləğdə maaş verərdilər. Bu, Azərbaycan reallığıdır. Necə olur ki, yerli məşqçi 2-3 turdan sonra istefaya göndərilir, əcnəbinin komandası ardıcıl 6-7 tur uğursuz çıxış etməsinə baxmayaraq, ona heç kim heç nə demir? Məşqçini müdafiə etmək bir tərəfdən yaxşıdır. Ancaq yerli-əcnəbi ayrı-seçkiliyi olmamalı, hamıya eyni münasibət göstərilməlidir. Təəssüf ki, bizdə indi belədir.

“Bədbəxtliyimiz ondadır ki, bizim məşqçilərlə Avropa müqaviləsi bağlanmır”
- Onsuz da, klub sayının az olduğu bir vaxtda yerli məşqçilərdən heç də üstün olmayan əcnəbiyə bu qədər səbir edilməsinin altında yatan səbəblər nə ola bilər?

- Bordin italyandır, ona rəftar fərqlidir. Bədbəxtliyimiz ondadır ki, bizim məşqçilərlə Avropa müqaviləsi bağlanmır. Əcnəbilər 3 illik sözləşmə imzalayırlar, sonra da kompensasiya ödəmək problemi ortaya çıxır. Onun pulunu ödəmək, yerinə başqa məşqçi gətirmək asan olmur. Bizim məşqçilər isə sözdə müqavilə bağlayırlar. Belə məşqçini göndərmək daha asandır.

- Bordin iki ildir uğursuz çıxışa rəğmən postunda saxlanılır. Hər halda, Elxan Abdullayevə və Tərlan Əhmədova bu qədər zaman verilmədi.
- İnanıram ki, orda Bordin deyil, hansısa azərbaycanlı məşqçi olsaydı, çoxdan getmişdi. Kamran Quliyev birinci elə məşqçini qovardı. Bu mövzu barədə çox danışmaq olar. Həm də mən "Neftçi"yə keçəndə aramızda başqa cür söhbət olmuşdu. Heç kim ilk gündən nəticə tələb etmədi, vaxt veriləcəyini vəd etdilər. Amma sonradan başqa cür danışdılar, nəticə tələb etdilər. O dönəm mənim üçün böyük bir dərs oldu. Məncə, gələn dəfə hardansa təklif alsam, bu səhvləri təkrarlamayacağam. Digər tərəfdən, "Neftçi"də işləmək böyük məsuliyyətdir. Orada kim olur-olsun, baş məşqçidən həmişə narazı qalacaqlar. Çünki nəticə olmayacaq. Səbəb də "Qarabağ"dır. Bu, bir aktyorun tamaşasına bənzəyir. Bu gün bir "Qarabağ" və digərləri var. Mənə elə gəlir ki, bu gedişlə 10-15 ildən sonra da "Qarabağ"la heç kim rəqabət apara bilməyəcək. İndiki klubların durumu, məşqçiləri tez-tez dəyişmələri, futbolçuların hər il komanda dəyişmələri kimi qeyri-peşəkar addımlar güclənməyə mane olur. Premyer Liqada heç bir komanda "Qarabağ"la yarışa bilməz. Söz gəlişi kimsə rəqabət apara bilər, amma yekunda yenə "Qarabağ" çempion olar. Çünki "Qarabağ" sistemini oturtmuş bir klubdur. Qurban Qurbanov da sübut elədi ki, azərbaycanlı məşqçilərə inanmaq lazımdır. Təəssüf ki, yenə də inanmırlar. Ən azı ona görə sevinirəm ki, Qurban müəllim "Qarabağ"ı irəli aparmaqla yerlilərin də işləmək bacarığında olduqlarını sübut edir. Şəxsən mən onu dəstəkləyirəm. "Neftçi" "Qarabağ"la rəqabət aparmaq istəyirsə, bütün sistemi dəyişməlidir. Söhbət Bordini göndərib, başqa məşqçini gətirməkdən getmir. İndi "Neftçi"yə ən güclü məşqçini gətirsəniz belə, azarkeşlər yenə narazı qalacaqlar. Çünki "Neftçi" klub olaraq "Qarabağ"dan hərtərəfli geri qalır. Adicə bu iki klubun bazasına baxıb, müqayisə apara bilərsiniz.

"Kim deyirsə ki, orda işləmək istəmirəm, yalan danışır"
- Uzun illər Azərbaycan millisində və müxtəlif klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərdiniz. Topladığınız təcrübələr baş məşqçi kimi davam etməyinizə yetmədi, yoxsa önünüzdə süni maneələr hiss etdiniz?
- Düzdür, eyni vaxtda iki yerdə işləmək də maneçilik yaradıb. Düşünürdüm ki, çətin olmaz. Amma yenə də bu, düzgün deyil. Bir yerdə işləmək, bütün diqqəti ora yönəltmək lazımdır. Peşəkar məşqçi bir yerdə çalışmalı və bununla yaşamalıdır. İkincisi, köməkçi-məşqçi işlədiyin vaxt da baş məşqçiliyə hazır olmalısan. Məşqçilər korpusunu həmin vaxtdan müəyyənləşdirməlisən. Bu da peşəkar mütəxəssislərdən qurulmalıdır. Amma bizdə belədir ki, anidən təklif gəlir, amma məşqçi korpusun hazır deyil. Ordan-burdan seçib gətirənə kimi vaxtda, keyfiyyətdə uduzursan. Həyatda səhvsiz adam yoxdur. Bu səhvlər də məşqçilərə dərs olmalıdır. Başına gələndən sonra artıq qəbul edirsən ki, növbəti belə təklif zamanı bu səhvləri təkrarlamayasan.

- Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki kimi tanınmış mütəxəssislərin köməkçisi oldunuz. Bu qədər təcrübə topladıqdan sonra hazırda məşqçi kimi fəaliyyət göstərməməyiniz sizə qəribə gəlmir?
- Əlbəttə, qəribə gəlir. Azərbaycan millisinin rekordçusuyam. Yığmada məşqçi kimi çıxdığım oyunların sayı 100-ü keçib. Amma gedib kiməsə "Foqtsun, Prosineçkinin köməkçisi olmuşam, məni niyə dəvət etmirsiniz", deyə bilmərəm. Bu, onların seçimidir. Yəqin ki, onlar üçün bu statistika yox, başqa amillər maraqlıdır. Hamı üçün milli komanda bir nömrədir. Kim deyirsə ki, orda işləmək istəmirəm, yalan danışır. Hər bir məşqçi yığmada çalışmaq istəyər. Həmçinin mən də daim hazıram. Məsləhət bilsələr, canla-başla işləyərəm. Məşqçi meydançada olmalıdır. Mənim də qısa müddətdə yenidən aktiv məşqçi kimi çalışacağıma ümidim var.

"Futbolda ən qiymətli şəxslər ikinci adamlardır"
- Bəlkə "ikinci adam" simasından qurtula bilmədiniz?
- Sizə bir sirr açım. Futbolda ən qiymətli və lazımlı şəxslər ikinci adamlardır. Hər bir məşhur məşqçi yanında yaxşı köməkçi-məşqçinin olmasını istəyər. Şəxsən mən ikinci məşqçi kimi işləməyi ayıb bilmirəm. Əsas məsələ bu sahədə olmaq və komandaya xeyir verməkdir. "Dinamo", "Qarabağ", AZAL və "Neftçi"də baş məşqçi də olmuşam. Bir daha təkrar edirəm: sistemi xoşlayan, uzunmüddətli və planlı işi sevən adamam. Elə məşqçilər var ki, komandanı qəbul edən kimi nəticə göstərmək istəyir. Amma mənə sistemi qurmaq, oturtmaq üçün vaxt lazımdır. Yaxşı ambisiyaları olan komandada baş məşqçi də işləyərəm, ikinci məşqçi də. Bəzi məşqçilər var ki, köməkçi-məşqçi olmağa pis baxırlar. Mənim də onlardan fərqim budur. Heç kim də deyə bilməz ki, ikinci məşqçi kimi pis çalışmışam. Şəxsən mən baş məşqçi olsaydım, yanıma özüm kimi köməkçi istəyərdim və bundan da xoşbəxt olardım. Çünki futbolda işi aparan yaxşı köməkçilər olub. Avropada baş məşqçi indi baş menecer kimi adlanır. Bu adam əjdaha deyil ki, beş başı olsun. Bunun texnikası, taktikası, fiziki hazırlığı var. Baş məşqçi təkbaşına bunu heç fiziki cəhətdən çatdıra bilməz. Ona görə də özünə yaxşı köməkçi axtarır.

- Foqts və Prosineçkidən sonra Nikola Yurçeviçin baş məşqçi postuna gətirilməsinin uğursuzluqla nəticələnəcəyini öncədən təxmin etmək olardı. Milli komandamız Yurçeviçlə daha bir ilini itirdi, yoxsa futbolumuzun səviyyəsi elə budur?
- Mən də sizə belə bir sual verim. Yurçeviç deyil, başqa bir baş məşqçi olsaydı, indiki qrupda nəsə edə bilərdi?

- Nəticə baxımından ən yaxşı halda indikindən 1-2 xal çox toplayardı.
- Sizcə, 1 xalla 4 xal toplamağın fərqi var?

- Prinsipcə bir fərqi yoxdur. Bəs yığmamızın o səviyyədə olmadığını biliriksə, istər AFFA rəhbərliyi, istərsə də baş məşqçi seçmə mərhələnin əvvəlində niyə Avropa çempionatının final mərhələsindən dəm vururdu ki, indi də belə tənqidlərlə üzləşir?
- Yaxşı, Bordin niyə hər mövsümün əvvəlində deyir ki, mütləq birinci yeri tutacağıq? Baş məşqçi də nəsə deməlidir. Bordin də deyəndə ki, birinci yeri tutacağam, inandırıcı olmur axı. Çünki orda "Qarabağ" var. Digər tərəfdən indiki nəticə ən zəifi sayılır. Baş məşqçi Yurçeviç yox, Elxan da olsaydı, 1 xalı qazanardı. Bəlkə daha çox və ya az... Gələcəyi gözləmək lazımdır. Yurçeviçin qarşısına hansı məqsəd qoyulmuşdu, bunu bilmirik. Şəxsən mənim nəticəyə görə, Yurçeviçə iradım yoxdur. Çünki illərdir bu işin içindəyəm və bilirəm ki, bu qrupda çox xal toplamaq qeyri-mümkündür. Məncə, son iki oyunu da gözləmək lazımdır. Seçmə mərhələdəki çıxışa ümumi qiymət verməyin tərəfdarıyam. Tam qiymət vermək üçün bir neçə gün də səbir etmək lazımdır.

0