Kənan Kərimov: “Futbolumuza pandemiya 2008-2009-cu illərdə gəlib” - OFSAYD
13.01.2021 - 12:51
Kənan Kərimov: “Futbolumuza pandemiya 2008-2009-cu illərdə gəlib” - OFSAYD

Apasport.az saytının “Ofsayd” rubrikasının budəfəki qonağı Azərbaycan millisinin sabiq hücumçusu, bir neçə klubda bombardirlik keyfiyyətini nümayiş etdirmiş Kənan Kərimovdur.

Azərbaycan çempionu (“Qarabağ” - 1993), ölkə kubokunun (“Qarabağ” - 1993) və Superkubokunun qalibi (“Qarabağ” - 1993), 2 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı (“Şəmkir” - 2004, “Karvan” - 2006) olan 45 yaşlı mütəxəssis futbolumuzun bu gününü dəyərləndirib, problemlərdən danışıb.

“Bəlkə də, heç Somalidə vəziyyət bu qədər acınacaqlı deyil”
- Hazırda nə işlə məşğulsunuz?

- Heç nə etmirəm, pandemiya ilə əlaqədar oturmuşam evdə. Xəstəliyin bitəcəyi vaxtı gözləyirik.

- Sonuncu dəfə Region Liqasında “Şamaxı” komandasının baş məşqçisi idiniz. Həmin komandanın aqibəti necə oldu?
- Region Liqasında qrup oyunları zamanı pandemiya ilə əlaqədar çempionat dayandırıldı. Sağ olsunlar, rayon prokuroru Müşfiq Səfərov və icra hakimiyyətinin başçısı Tahir Məmmədovun komandaya böyük diqqəti-qayğısı var idi. Əziyyət çəkib, kluba baxırdılar. AFFA Region Liqasını dayandırınca o insanlar da həvəsdən düşdülər. Gördülər ki, AFFA bu yarışa dırnaqarası yanaşır. Əhəmiyyəti olmayan çempionatdır. Bu da komandanın dağılmasına səbəb oldu.

- Yəqin ki, digər komandalarda da vəziyyət buna bənzərdir. Belə çıxır ki, Region Liqası bərpa olunduqdan sonra çıxış etməyə komanda tapılmayacaq?
- Bütün komandalar dağılıb. Region Liqası, ümumiyyətlə, heç kimə lazım olmayan çempionatdır. AFFA bu çempionatı baş aldatmaq üçün yaradıb. Başqa bir ad vermək olmur. İnanın, Region Liqasında elə futbolçular var idi ki, onlar Premyer Liqada oynayacaq gücdədirlər. Amma ailələrini dolandırmaq üçün məcburiyyətdən başqa sahəyə yönəldilər. Düzdür, şəhər rəhbərliyinin bizə qayğısı var idi. Amma bəzi komandalar heç oyuna getməyə yolpulu tapmırdılar. Azərbaycan futboluna xeyir verməyən bir çempionatdır. Kim hansı məqsədlə bu turniri ortalığa çıxarıb, başa düşə bilmirəm. 20 ilə yaxın Azərbaycan çempionatında oynamışıq, ömrümüzü bu işə həsr etmişik. Bundan sonra hansı başqa peşə ilə məşğul olası deyilik. 800 manat maaş alırdım, o da Kənan Kərimov olduğum üçün. İnanmıram ki, Region Liqasında başqa kimsə bu pulu alsın. Elə şeylərin şahidi olmuşam ki... Bəlkə də, heç Somalidə vəziyyət bu qədər acınacaqlı deyil. AFFA-nın komandalara şort-köynək verməsi futbolun inkişafı demək deyil.

“Danışsam, gərək partlayış olsun”
- Ürəyi dolu adama oxşayırsınız. Görünür, siz də futbolumuzun durumundan razı deyilsiniz?

- Necə razı olum? Strategiya düzgün qurulmayıb. Premyer Liqanın 8 komandasında neçə məşqçi işləyə bilər? Orada da hərə öz tanışını yanına yığır. Deyiləsi sözlər çoxdur. Danışsam, gərək partlayış olsun. Futbola Yevlaxda başlamışam. “Karvan” da vaxtilə tanınmış klub olub, 2004-05-ci illər yaxşı vaxtları idi. Həmin dönəmdən bəri hələ bir nəfər AFFA nümayəndəsi görməmişəm ki, Yevlaxa gəlib, stadionun paslı darvazasını açsın, vəziyyətlə tanış olsun. İmişlidəki, Lənkərandakı, Mingəçevirdəki stadionlar da eyni durumdadır. Bundan başqa, birinci divizionda mənasız limit qoyublar. Azərbaycanda, onsuz da, futbolçu çatışmazlığı var. 22-23 yaşlı uşaq gedib özünə başqa peşə tapmalıdır. Onlar bundan sonra ancaq fəhləlik edə və ya kiminsə əlinin altında işləyə bilərlər. Mənasız bir qərar qəbul ediblər. Azərbaycan futbolu uçuruma doğru gedir. Futbolçu adətən 24-25 yaşdan sonra açılışır. Amma bunu AFFA-dakıların bəziləri dərk eləmir.

- Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi uğurlu çıxış üçün zəngin heyət tələb edir. AFFA da bundan ötrü milliləşdirmə siyasətini genişləndirmək fikrindədir. Milliləşdirilmiş oyunçuların bizə nə xeyri var?
- Heç bir xeyri yoxdur. 2004-cü ildə bütün rayonlarda futbol var idi. Dövlət tərəfindən də qayğı göstərilirdi. De Byazinin indi bu tələbi başadüşüləndir. Sərəncamında çox oyunçu görmək istəyir, deyir ki, tapın, gətirin. Axı ondan da nəticə istəyirlər. Hazırkı milli ilə də uğur qazanmaq mümkün deyil. Klubların sayı çox olmalıdır ki, futbolçu da inkişaf eləsin. Oyunçu yetişdirmək əvəzinə milliləşdirməyə üstünlük verirlər. Yekunda itirən yenə futbolumuz olacaq. Nə qədər pul verib, oyunçu milliləşdirirlər. Yığmaya pul üçün gələn futbolçudan nə gözləmək olar? Milli dəyərləri kiçiltmək olmaz. Premyer Liqanı 8 komanda ilə keçirməklə, birinci diviziona limit qoymaqla milliləşdirmələrə özləri yol açırlar.

“Premyer Liqamız mənasız küçə çempionatıdır”
- Azarkeşlər 20-30 il əvvəl də “Azərbaycanda futbol yoxdur” deyirdilər, indi də eyni sözü söyləyirlər. Maliyyə durumu və şəraitin yaxşılaşması fonunda inkişafın olmaması nədən qaynaqlanır?

- Gedişat onu göstərir ki, azarkeşlər bundan sonra da eyni fikri deyəcəklər. Axı heç bir iş görülməyib. Mən deyərdim ki, yerimizdə saymırıq, hətta geri gedirik. Adicə Premyer Liqada 8 komandanın iştirak etməsi gülüncdür. Buna da Azərbaycan çempionatı yox, Bakı birinciliyi deyərdim. Sadəcə, biabırçılıqdır. Mənasız küçə çempionatıdır, həvəskar yarışdır. Halbuki vaxtilə neçə rayonda klub var idi, böyük ajiotajlı oyunlar keçirilirdi. Azərbaycan futboluna pandemiya indi yox, 2008-2009-cu illərdə gəlib. Bizdə inkişafdan qalmaq üçün koronavirus pandemiyasına ehtiyac yox idi. Regionlarda futbolu ləğv etmək Azərbaycan futbolunun sonunu gətirdi. Mən o vaxt “Karvan”da oynayanda Yevlaxda hamı uşağının futbolçu olmasını istəyirdi. Görürdülər ki, əcnəbilər gəlir, xarici avtomobillər sürür, yaxşı pul var. Bütün evlərdə mövzu futbol idi. Amma indi deyirlər ki, “Karvan”ın durumu gözümüzün önündədir, futbola qiymət verən yoxdur. İstedadlı uşağın valideyni də onu təhsilə yönləndirir. Hamı da deyir ki, Azərbaycanda futbol yoxdur. Uşaq futbolu üçün xaricdən mütəxəssislər gətirib, ciblərini doldururlar. Ortada hansısa iş varmı? Yerli mütəxəssisə çatanda 500-600 manat maaş verirlər. Bu pula məşqçi də həvəssiz işləyər, topu atır oyunçuların önünə, çəkilib durur kənarda. Xaricdən gətirdiklərinə 15-20 min dolları elə yaxşı tapıb verirlər. Nəticə olmayanda da göndərə bilmirlər. Çünki peşəkar müqavilə bağlayırlar, təzminat tələb edirlər. Bizə çatanda deyirlər ki, məni tanımırsan? Kişi sözünə bizi aldadırlar.

“Allah azarkeşlərimizə səbir versin”
- Premyer Liqada komanda sayının azlığından şikayətləndiniz. Mövcud klubların durumu barədə nə deyə bilərsiniz?
- “Qarabağ”ı çıxmaq şərti ilə normal klubumuz yoxdur. Bir az da “Neftçi”ni fərqləndirmək olar. Bizim vaxtımızda 6-7 komanda çempionluq uğrunda rəqabət aparırdı. İndi heç bir rəqabət yoxdur. Mövsüm başlayanda 8 klubun hamısı deyir ki, çempionluğa oynayacağıq. Amma reallıq odur ki, çempionluğa yalnız “Qarabağ” iddia edir, sonda da istəyinə çatır.

- Futbolumuzla bağlı çox bədbin danışırsınız. Gələcəklə bağlı heç bir ümidiniz yoxdur?
- Bilirsiniz, region futbolunun acınacaqlı durumuna baxan yoxdur. Rayonları gəzin, görəcəksiniz ki, uşaq futbolunda zərrə qədər də inkişaf yoxdur. Allah azarkeşlərimizə, işsiz qalan məşqçilərimizə səbir versin. İnşallah, nə vaxtsa regionlara futbolun qayıtmasını görək. Milliləşdirməyə ehtiyac olmasın, öz futbolçularımız çoxalsın.

Ruslan Sadıqov
 

0
Kənan Kərimov Azərbaycan futbolu Ofsayd