Ramazan Abbasov: “Futbol adamları onların sayəsində sakit dayanıblar” - OFSAYD
28.07.2020 - 11:29
Ramazan Abbasov: “Futbol adamları onların sayəsində sakit dayanıblar” - OFSAYD

Hər kəs onu əsasən "Bakı"nın heyətindəki oyunları ilə xatırlayır.

Apasport.az saytının məlumatına görə, son olaraq 2016/17 mövsümündə I divizionda "Səbail"in formasını geyinib.

10 ildən çox Premyer Liqa klublarında çıxış etsə də, 33 yaşında artıq elita təmsilçiləri qapılarını üzünə bağlayıb. Söhbət "Bakı", MOİK, "Neftçi", "Xəzər Lənkəran", "Kəpəz", "Rəvan", "Sumqayıt"da oynamış Ramazan Abbasovdan gedir.

“Ofsayd” rubrikasının budəfəki qonağı qısa müddət Azərbaycan millisinə də çağırılmış sabiq yarımmüdafiəçidir. Abbasov ölkə futbolunun hazırkı durumu və problemləri barədə danışıb.

"Taksi işləyib, həm pul gətirirəm, həm də vaxtımı "öldürürəm"
- Artıq uzun müddətdir mətbuatdan, futbol sektorundan uzaq düşmüsünüz. Nə işlə məşğulsunuz?
- Məcburiyyətdən kənara çəkilmişik. Karantinlə bağlı yaranmış vəziyyətlə mübarizə aparırıq, evdəyik. Boş qalmamaq üçün dost-tanışları maşınla lazım olan yerə aparıram.

- Yəni taksi xidməti ilə məşğulsunuz?
- Bəli. Düzdür, futbol oynadığım dönəmlərdə istədiyim şəraiti qura bilmişəm, dolanışığımız da pis deyil. Sadəcə, evdə nə qədər boş oturmaq olar? Futboldan da uzaq düşmüşük, başımızı nə iləsə qatmağa məcburuq. Evdə oturmaqdansa taksi işləyib, həm evə pul gətirirəm, həm də vaxtımı "öldürürəm". 6 yaşımdan futbolda olan adamam, 36 yaşım var və sevimli peşəmdən uzağam. Cəmi 8 komandamız var, hər kəs də öz tanışını yanına yığır. Mahmud Qurbanov kimi rekord sayda ölkə çempionu olan adam əsas komandaya layiq görülmürsə, futbol barədə nə danışa bilərəm? Səviyyəcə ondan qat-qat aşağı olan adamlar bu gün Premyer Liqada məşqçilik edir. Bu da futbolumuzun uçurumda olmağından xəbər verir.

- Taksi xidməti göstərdiyiniz müştərilərin hamısı tanışdır?
- Xeyr, adi vətəndaşlar da olur.

- İçlərində sizi tanıyan olur?
- Tanıyan da var, tanımayan da.

- Tanıyanlarla yolboyu Azərbaycan futbolu barədə danışmırsınız?
- Söhbət edirik. Amma futbolumuz barədə hələ xoş söz deyən olmayıb. Təəssüf ki, hamısı ancaq neqativ fikirlər səsləndirir.

"Bizi qovdular, heç kimə lazım olmayan əcnəbiləri gətirdilər"
- Kənardan Azərbaycan futbolu o dərəcədə pis görünür?
- İnanın ki, bir ilə yaxındır Premyer Liqa oyunlarına baxmıram. Məsələn, "Neftçi" ilə "Səbail" üz-üzə gəlir. İki-üç həftə sonra ikinci dövrə başlayır, bu komandalar yenə qarşılaşır. 8-9 ildir millidə də, demək olar ki, eyni futbolçulardır. Yeni nəsil yetişdirmək, onlara şans vermək lazımdır.

- Yetişən yeni nəsil indikilərdən yaxşıdır ki?
- Əlbəttə ki, xeyr. Perspektiv sıfır səviyyəsindədir. Aşağı yaş qrupu üzrə yığmalarımız Litva, Latviya kimi komandalar önündə 5-6 top buraxırlar. O uşaqlar 5 ildən sonra sənə nə verə bilərlər?

- Məşqçilik kursuna qatılmaq fikriniz yoxdur?
- Məndə C kateqoriyasıdır. B-ni də oxumaq istəyirəm. Məlumatlar toplamışam, yavaş-yavaş öyrənirəm. Çünki futboldan başqa görə biləcəyimiz bir iş də yoxdur. Karantin bitsin, kurslara qatılacağam. Yaxşı məşqçi olmaq üçün də oxumaq, savadlanmaq lazımdır.

- Son klubunuz olan "Səbail"dən 2017-ci ildə ayrıldınız və həmin vaxtdan futboldan uzaq düşdünüz. Sizi 34 yaşda karyeranızı səssiz-səmirsiz bitirməyə nə vadar etdi?
- "Səbail"lə birinci divizionda 2-ci yeri tutub Premyer Liqaya vəsiqə qazanmışdıq. Amma dünyada analoqu olmayan bir addıma əl atdılar, bütün oyunçuları komandadan uzaqlaşdırdılar. Əziyyət çəkib "Səbail"i yüksək liqaya çıxaran oyunçuları qovdular, heç kimə lazım olmayan əcnəbiləri gətirdilər. Halbuki bizdə potensiallı gənclər var idi ki, elitada oynamaqla milliyə qədər yüksələ bilərdilər. Bizdə 22 yaşda Premyer Liqa klubuna düşməyən məcbur bu sahədən uzaqlaşır. Dünya futbolunda 25-30 yaşda özünü doğruldan oyunçular olur. O boyda Zinəddin Zidan 28-29 yaşından sonra parlamağa başladı. "Səbail"dən ayrılandan sonra futboldan küsdüm.

"Yığmanın heyətini baş məşqçi qurmur"
- 2016-cı ildə "Rəvan"dan ayrılandan sonra Premyer Liqadan kənarda qaldınız. 33 yaşınızda artıq elita klublarına lazım olmayacaq qədər zəif idiniz?
- Həmin il "Neftçi"ni 3:1 hesabı ilə məğlub etmişdik. "Skybox"da oturan dostlarım dedilər ki, millinin həmin vaxtkı baş məşqçisi Robert Prosineçki oyunumu bəyənib, toplanışa çağırmaq istəyib. Hətta bir ay matçlarımı izləyibmiş. Amma yanındakı futboldankənar adamlar buna imkan verməyiblər. Deyiblər ki, 32 yaşı var, milliyə yararsızdır. Prosineçki çağırmaq istəsə də, kimlərəsə sərf eləmədiyi üçün qoymayıblar. Halbuki onda millidə 36-37 yaşlı futbolçular olub. Əgər əcnəbi məşqçinin də qərarına təsir edə bilirlərsə, Azərbaycan futbolu görün nə gündədir.

- Yəni millinin heyətini baş məşqçi qurmur?
- Yüz faiz belədir. Aduriz 37 yaşında İspaniya yığmasının heyətində qol vururdu. Təəssüf ki, bizdə yığmanın heyətini baş məşqçi qurmur. Yəqin hansısa kənar şəxslərin yığmaya cəlb etmək istədiyi oyunçularının yerini tutacaqdıq.

- "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi bu yaxınlarda "CBC Sport"a açıqlamasında demişdi ki, ən yaxşı futbolçunuzu gətirin, oynadaq. Sizcə, "Beşiktaş"da oynayacaq səviyyədə futbolçumuz var?
- Mahir Emrelinin onlara təklif olunduğunu oxudum. Mahir gənc, istedadlı futbolçudur. Amma bu gün "Beşiktaş"da oynamağı çətindir. 16-17 yaşından gedib Avropada oynasaydı, indi bəlkə də, hazır olardı. "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı sayəsində onun da təcrübəsi artıb. Ancaq istedadlı futbolçunun təməli Avropada qoyulmalıdır. Bizdə təməl sıfırdan da aşağıdır. Etiraf edək ki, bu gün "Beşiktaş" səviyyəsində futbolçumuz yoxdur. Hətta Ramil Şeydayev az-çox Rusiya məktəbi görsə də, nə orada, nə də Türkiyədə oynaya bildi.

"Qarabağ" hələ 10 il çempion olacaq"
- Azərbaycan Premyer Liqasında "Qarabağ"a nə vaxt rəqib çıxacaq?

- Bu gedişlə heç vaxt. Bir az "Neftçi" yalandan nəsə eləmək istədi, bacarmadı. Digərləri isə eyni səviyyədədir. "Qarabağ" çempionatımızın kralı kimidir, gəzə-gəzə çempion olur. Belə davam eləsə, hələ 10 il bu komanda çempion olacaq. Gəncədən, Tovuzdan, Mingəçevirdən nə qədər futbolçu çıxıb. Amma indi o rayonların stadionlarında inək otlayır. Çempionatda 16 klub olanda Qusarın "Şahdağ" komandası çıxış edirdi. Heç bir iddiaları yox idi, amma Rahid Əmirquliyev kimi oyunçunu üzə çıxardılar. İndi büdcəsi az olanı Premyer Liqaya buraxmırlar. İspaniyada da milyonlar qazanan futbolçuların qarşısına 5000 alan oyunçular çıxır. Amma bizdə əvəzediciləri qatıblar birinci diviziona, orada vəziyyət faciəlidir. Adicə "Krasnodar"ın, "Altınordu"nun akademiyasına baxıb nümunə götürsünlər.

- "Qarabağ" ardıcıl çempionluqlar qazansa da, heç Ağdam klubu da uzun müddətdir kimisə üzə çıxara bilmir?
- Görünür, yalnız əsas komandanı düşünürlər. Səviyyəli legionerlər gətirirlər, avrokuboklarda uğurlu çıxış edirlər, amma uşaq futbolunu kölgədə saxlayırlar. Halbuki uşaq futboluna işini bilən mütəxəssislər cəlb olunsa, 5-6 ildən sonra daha güclü oyunçular yetişər. "Qarabağ"da legioner transferlərinə üstünlük verilir. Bu komanda yenə Avropa arenasında ölkəmizi uğurlu təmsil edir. Bəs digərləri hansı nəticələri göstərir? Məsələn, "Zirə" o qədər pul töküb əcnəbiləri gətirdi və çempionatda 5-ci yeri tutdu. Deməli, pullar havaya sovruldu. Həmin nəticəni yerli oyunçularla da qazanmaq olar. Ən azı 2-3 gənc üzə çıxarmış olarlar. Hər il eyni ssenari yaşanır.

"17 yaşlı uşaq məşqdən çıxıb qəlyana gedir"
- Güclü akademiyalar yaratmaq elə çətindir?

- Legionerlərə tökülən bu pulların bir qismi uşaq futboluna yatırılsa, 3-5 ildən sonra istedadlar üzə çıxar. Bayaq "Krasnodar"ın adını boş yerə çəkmədim. Gedib bir həftə onların akademiyasına baxsalar, çox şey öyrənərlər. Onlar təkcə futbolçu yox, həm də insan, şəxsiyyət yetişdirirlər. Bizdə istedadı olan 17 yaşlı uşaq məşqdən çıxıb qəlyana gedir. Uşaq akademiya daxilində qalmalı, orada nəzarətdə olmalı, təhsil almalıdır. Xaricdə uşağa gün ərzində telefonu 10-15 dəqiqəlik verirlər, o da valideynlə danışmaq üçün. Hərtərəfli - bacarıqlı, tərbiyəli, yüksək təhsilli futbolçu yetişdirirlər. Bizimkilər topu verirlər ki, bir saat özünüz üçün oynayın. Bir saatdan sonra da məşqi bitirirlər, hərə öz evinə. Bu cür inkişaf olmaz.

- Sizin də formasını geyindiyiniz "Bakı" klubunun akademiyasından xeyli futbolçu üzə çıxmışdı. İndi "Qəbələ" bu funksiyanı yerinə yetirir, lakin orada da vəziyyət ürəkaçan deyil...
- O cür bazası, strukturu olan klubun indi bu duruma düşməsi xoş deyil. "Qəbələ" də "Bakı" kimi yaxşı uşaqlar yetişdirir, Premyer Liqa klublarına verir. Amma ani eniş yaxşı şeylərdən xəbər vermir.

"Futbolu inkişaf etdirə bilmirsənsə, kənara çəkilməlisən"
- Futbol idarəçiləri inkişaf üçün bir iş görmürlərsə, gələcəyə necə nikbin baxmaq olar?
- Struktur dəyişikliyi vacibdir. Əgər futbolu inkişaf etdirə bilmirsənsə, kənara çəkilməlisən ki, bunu bacaranlar gəlsinlər. 10-15 ildir futbolun başındadırlar. Əgər milli komandalarımızın bir nailiyyəti yoxdursa, bu işi anlayışı olan insanlara təhvil verməlidirlər. Artıq bunun vaxtıdır.

- Bəlkə ilk növbədə futboldankənar şəxslər bu sahədən təmizlənməlidir?
- Azərbaycan futbol sektorunda işləyənlərin 50-60 faizinin bu sahədən başı çıxmır. Futbol adamları da onların sayəsində sakit dayanıblar.

- Son olaraq, Premyer Liqanın yarımçıq başa çatdırılmasına münasibətiniz necədir?
- Guya davam etdirilsəydi, nə olacaqdı ki? "Qarabağ", onsuz da, çempion idi. "Neftçi" ilə "Keşlə" də 2-3-cü yerləri, demək olar ki, tutmuşdu. Yalnız 4-cü yerin kimliyi məlum deyildi. Mövsümün əvvəlindən çempion bəllidirsə, həmin çempionatdan nə gözləmək olar? "Qarabağ"a rəqib olmaq üçün düzgün futbolçu seçimi etməlisən. "Neftçi" nə qədər əcnəbi futbolçu gətirdi, istənilən effekti vermədiyi üçün geri qaytardı. Oyunçu seçimində bu qədər yanılırsansa, deməli, rəhbərliyin futbola baxışında problem var. Fakt bu gün "Qarabağ" futbolumuzun "flaqman"ına çevrilib. "Neftçi" nəticə vermirsə, daxilindəki problemləri tapmalıdır.

Ruslan Sadıqov

0
Ramazan Abbasov Azərbaycan millisi Ofsayd