Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
09.12.2025 - 15:47
Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Xankəndidə 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca yarışın coğrafiyasını əks etdirən videoçarx qonaqlara təqdim olunub.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib. O, mərhum şahmatçı Vüqar Həşimovun dünya miqyasında qazandığı nüfuzdan, beynəlxalq arenalardakı uğurlarından danışıb. Həşimovun xatirəsinə həsr olunan turnirin ənənəvi şəkildə davam edəcəyinə inandığını deyən Qəhrəmanov, mötəbər yarışın işğaldan azad olunmuş Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, belə tədbirlərin ölkədə şahmatın inkişafına mühüm töhfə verdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək Vüqar Həşimov Memorialının Azərbaycan şahmatının inkişafındakı rolundan söz açıb. O, yarışın Xankəndidə təşkil olunmasını tarixi hadisə adlandırıb və mərhum qrossmeyster haqqında şəxsi xatirələrini bölüşüb. M.Məmmədov Həşimovun Avropa çempionu və Qran Pri qalibi kimi nailiyyətlərini xatırladaraq Memorialın artıq özünəməxsus ənənələrə malik olduğunu və yüksək səviyyədə keçirildiyini bildirib. O, Həşimovun xatirəsinin daim ehtiramla yad olunacağını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Vüqar Həşimov Şahmat Fondunun banisi və uzun illər Memorialın təşkilat komitəsinin sədri olmuş Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca ona həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra təşkilat komitəsinin sədri Sərxan Həşimov çıxış edərək Memorialın keçirilməsinin birgə səylərin nəticəsi olduğunu deyib. O, əsas məqsədin Qasım Həşimovun başladığı işi davam etdirmək olduğunu vurğulayıb və turnirin Xankəndidə təşkil olunmasını böyük hadisə kimi qiymətləndirib. Sərxan Həşimov 11-ci Vüqar Həşimov Memorialını rəsmi şəkildə açıq elan edib.

Sonda yarışın baş hakimi Rauf Hacılı çıxış edərək turnir haqqında məlumat verib və püşkatma mərasimi həyata keçirilib. Püşkatmadan sonra ilk görüşlərə start verilib.

Qeyd edək ki, turnirə 11 dekabrda yekun vurulacaq.