Suvaqçı, süd satan və sevincli günündə anasını itirən “Traktor” - ULDUZLAR
04.05.2021 - 13:23
Suvaqçı, süd satan və sevincli günündə anasını itirən “Traktor” - ULDUZLAR

Dünya futbolunda çox az futbolçu akademiyasında yetişmədiyi klubun bayraqdarına çevrilməyi bacarır.

Apasport.az saytının məlumatına görə, onlardan biri də “İnter”in əfsanəvi futbolçusu Xavyer Zanettidir.

İlk “ket”ini atası əlləri ilə tikib
Yoxsulluq içində böyüyən “Ulduzlar” rubrikasının bugünkü qonağı gah divar suvayıb, gah məhəllədə süd satıb, gah da əmisi oğlunun dükanında işləyib. Amma bununla bərabər imkan düşdükcə uşaqlarla məhəllədə futbol da oynayıb. Hətta ayağında futbol ayaqqabısı belə olmayıb. Xavyerə ilk “ket”ini atası əlləri ilə tikib.

Futbol həyatına “İndependiente”də başlayan argentinalı 1991-ci ildə “Talleres”ə transfer olunur. Çalışqan, əzmkar sağ cinah müdafiəçisi idi. “Banfild”ə keçəndə 20 yaşı var idi. Oyunu ilə “Qazma” ləqəbi alan gənc futbolçunun orada çox qalmayacağı bəlli idi. Maraqlısı isə Zanettinin “İnter”ə transferinin baş vermə hekayəsidir. Buna kimisi təsadüf, kimisi bəxt hesab edirdi. “İnter”in prezidenti Massimo Moratti 1995-ci ildə Ariel Orteqanı izləmək üçün Argentinaya yollanır. “River Pleyt”də çıxış edən Orteqa həmin gün zəif təsir bağışlayır. Amma Moratti ora boş yerə yollanmamışdı. “River Pleyt”lə görüşdə “Banfild”in heyətində xarüqələr yaradan gənc bir müdafiəçi düz 7 dəfə driblinqlə hücuma atılır. Bu da diqqətdən qaça bilməzdi. Maraqlıdır, Orteqa həmin gün əla çıxış etsəydi, Zanetti yenə Morattinin maraq dairəsinə düşərdi?

“İnter”in özü, keçilməz “traktor”
Zanetti sonrakı karyerası ilə İtaliya futbolunun tarixinə düşdü. “İnter”in ən çox oyun keçirən futbolçusu, A seriyasında ən çox meydana çıxan əcnəbi və s. kimi rekordların sahibidir. Orada olduğu mövsümlərin heç birində 30-dan az oyuna çıxmadı. Məhz bu stabilliyi sayəsində İtaliyada böyük hörmət qazanmağı bacardı. “İnter” forması altında keçirdiyi 19 mövsüm sayəsində “İnternasional” ləqəbini aldı. Yəni o, “İnter”in özü sayılırdı.

Zanettinin bir ləqəbi də “traktor” idi. Dayandıra bilməyəcəyi rəqib yox idi. Müdafiəçi olmasına baxmayaraq, karyerası ərzində cəmi 2 dəfə qırmızı vərəqə alıb. Biri 1999-cu ildə İtaliya kuboku oyununda hakimə etirazdan, biri isə 2011-ci ildə “Udineze” ilə A seriyası matçında ikinci sarı vərəqədən. Heç vaxt rəqibini zədələməyib, ən centlmen oyunçulardan idi. Hətta buna “Zanetti duruşu” da deyirdilər.

Kuboku qazandı, həyatının acısını yaşadı
Həyatının ən böyük acısını 2011-ci ildə yaşayıb. “Palermo” ilə final görüşündə rəqibini məğlub edən “İnter” kuboku qazanıb. Oyundan sonra komanda bunu qeyd edərkən anası Violetta oğluna bir mesaj göndərir: “Təbrik edirəm oğlum, səni çox sevirəm”. Mesajı oxuyan Xavyer ziyafətin ertəsi günü səhər saatlarında anasına zəng vurmaq qərarına gəlir. Sonradan həmin anı belə xatırlayıb: “Səhər yuxudan oyananda düşündüm ki, zəng vurub anamla danışaram. Amma belə bir şansımın olmadığından xəbərsiz idim. Çünki anam həmin gecə yuxudan oyanmamışdı”.

Zamanı durduran sadiq
Xavyer Zanetti “İnter”də zamanı geri almadı, amma onu durdurmağı bacardı. 19 il ərzindəki bütün şəkillərini yan-yana yığdıqda nə saç stilində, nə üzündə, nə görünüşündə, nə də sifətindəki səmimi gülümsəmədə dəyişiklik görərsiniz. O, zamanı təkcə xarici görünüşü ilə yox, oyunu ilə də durdurdu. 40 yaşından sonra “Çelsi” israrla transfer etməyə çalışdı. Ancaq argentinalı son anda bu keçiddən imtina etdi. Joze Mourinyo transferin reallaşmamasını bir cümlə ilə əsaslandırmışdı: “Xavyer Zanetti “İnter”ə aiddir”.

Karyerasının son ilində sağ cinahdan 70 metrlik məsafəni driblinqlə qət edərək, hələ də gənclərdən güclü olduğunu göstərdi. 41 yaşında isə yeni müqavilə təklifinə rəğmən karyerasını başa vurdu. Ancaq bu da onu “İnter”dən qoparmadı. Çünki Zanetti bu gün “neradzurra”da rəhbər vəzifədə kluba xidmət edir. Hazırda “İnter”in vitse-prezidentidir, yəni hələ də bu kluba aiddir.


 

0