Azərbaycan Premyer Liqasının ikinci turu start götürür
15.08.2008 - 11:47
Azərbaycan Premyer Liqasının ikinci turu start götürür
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Azərbaycan Premyer Liqasında ikinci turun oyunları start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, həftəsonu çempionatda 7 matçdan 6-sı baş tutacaq. Avqustun 16-da Türkiyənin “Beşiktaş” klubu ilə yoxlama oyunu keçirəcək “Xəzər-Lənkəran”ın “Turan”la görüşü təxirə salınıb. İkinci turun qarşılaşmaları arasında şənbə gününün oyunları daha çox maraq doğurur. Futbolçu kimi Azərbaycan çempionu tituluna yiyələndikdən sonra baş məşqçi kimi bu uğuru qazanmaq iddiasında olan Əsgər Abdullayevlə Qurban Qurbanovun qarşıdurması qisas matçı da sayıla bilər. Belə ki, Ə.Abdullayevin çalışdırdığı “Olimpik” üç ay əvvəl “təyyarəçilər”i çempionluqdan məhrum edən “Qarabağ”dan, Q.Qurbanov isə iki il əvvəl hələ “Neftçi”ni çalışdırarkən komandasına eyni zərbəni vuran “Olimpik”dən revanş çıxmağa çalışacaq. Öz meydanında oynayacaq ağdamlılar həmin qələbənin təsadüf olmamasını sübut etməklə yanaşı, ardıcıl ikinci qələbə ilə zirvədə qərarlaşa bilərlər. Bakılılar isə çempion “İnter”lə heç-heçənin ardından uğursuz seriyanı dayandırmaq əzmindədirlər. “Olimpik” son 5 rəsmi matçda qələbə qazana bilmir.
Paytaxtın iki ən titullu klubu - “Neftçi” “Bakı” ilə qarşılaşacaq. İntertoto kubokunda iki mərhələ adlayan flaqman ardıcıl iki oyundur meydanı xalsız tərk edir. Ötən mövsüm bu komandaların oyunlarında 11 qol vurulmuşdu ki, bu da çempionatın ən məhsuldar cütlüyü olub. Makedoniyalı mütəxəssis Qyoko Hacievski paytaxtın eyniadlı klubunun sükanı arxasında ukraynalı həmkarlarını indiyədək üstələyə bilməyib. Ukraynalılarla 4 matçda cəmi iki xalla təsəlli tapan çalışdırıcı Anatoli Demyanenkonun komandasında zədəlilərin olmasından yararlana bilər. Zaur Tağızadə də zədə ucbatından növbəti oyunu buraxacaq. “İnter”lə “Standard” arasında keçiriləcək paytaxt derbisi isə yenə ikinci tura təsadüf edir. Ötən il də ikinci qarşılaşmada görüşən rəqiblər sülhlə ayrılmışdı.
Bazar günü keçiriləcək matçlarda isə çempionata qələbə ilə başlayan Premyer Liqa təmsilçiləri güclülər sırasına bu mövsüm qoşulan rəqiblərini sınağa çəkəcək. “Simurq” və “Qəbələ” Bakıya səfərə çıxıb müvafiq olaraq, NBC və MOİK-lə qüvvələrini sınayacaqlar. “Karvan” isə doğma meydanda “Bakılı”nı qəbul edəcək. 2004/05 mövsümündəki iki matçda “Bakılı”nı 8 qolla üstələyən Hüseynovun komandası bu dəfə də rəqibi xalsız qoymaq istəyindədir.

II tur
16 avqust (şənbə)
“Neftçi” – “Bakı”

Baş hakim: Babək Quliyev
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00

“İnter” – “Standard”
Baş hakim: Rövşən Əhmədov
“Şəfa” stadionu. Saat 19:00

“Qarabağ” – “Olimpik”
Baş hakim: Anar Niyazov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18:00

17 avqust (bazar)
NBC – “Simurq”

Baş hakim: Vüsal Əliyev
Zabrat qəsəbə stadionu. Saat 18:00

MOİK – “Qəbələ”
Baş hakim: İmanxan Sultani
“Şəfa” stadionu. Saat 18:00

“Karvan” - “Bakılı”
Baş hakim: Anar Salmanov
Yevlax. Şəhər stadionu. Saat 18:00
0