Berti Foqts: Əksər futbolçular bu oyuna hazır deyildilər
16.11.2009 - 00:30
Berti Foqts: Əksər futbolçular bu oyuna hazır deyildilər
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnir çərçivəsində Azərbaycan milli komandası ilk oyununu keçirdi. İraq yığmasına 0:1 hesabı ilə uduzan millimizin baş məşqçisi Berti Foqts qarşılaşmadan sonra apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunan əməkdaşının suallarını cavablandırıb. Alman çalışdırıcı öncə bildirib ki, heyətdəki futbolçuların bəziləri hazırlıqsız, bəziləri isə zədəli olduğundan meydana çıxa bilmədilər.

- Bildiyiniz kimi, bu turnirə yaxşı hazırlaşa bilməmişdik. Futbolçular həftənin üçüncü günü kubok oyunlarında iştirak etmişdilər. Hazırlıq üçün vaxtımız olmamışdı. Əksər futbolçular bu qarşılaşmaya hazır deyildilər. Bəzi futbolçular bura zədəli gəlmişdi. Onları bu oyuna hazırlaya bilmədik. Havanın da təsiri oldu. Bu istidə adam kölgədə oturanda tərləyirdi, qalmışdı meydanda 90 dəqiqə oynamaq. Ən çox ona hirslənirəm ki, biz birinci hissəni 3:0 hesabı ilə qalib gəlməli idik. Yaratdığımız imkanları qola çevirə bilmədik. 3 top fərqi ilə öndə olsaydıq, rahat oynayardıq. Ramim gözəl zərbə vurdu. Amma qapı tirinə dəydi. Amma bunun bizə xeyri olmadı.

- Hələ Bakıda olarkən bildirmişdiniz ki, turnirə nəticə qazanmaq üçün yollanırsız. Artıq ilk oyunu uduzduq. Turniri üçüncü yerdə başa vurmaq milli komandamız üçün uğur sayılacaqmı?
- Mən bütün oyunlarda qələbə haqda düşünürəm. Siz gördünüz hansı futbolçunun səviyyəsi nə yerdədir. Vüqar Nadirov, Zeynal Zeynalov beynəlxalq səviyyədə oynamağa hazır deyillər. Bəzi futbolçular heyətə cəlb olunmayıb. Yenə də deyirəm, birinci hissədə xeyli şansımız var idi. Amma yararlana bilmədik.

- Vaqif Cavadovun meydana çıxmamasının səbəbi nə idi?
- Zədəli idi ona görə.

- Üçüncü yer uğrunda Çexiyaya uduzmaq yaxşıdır, yoxsa Birləşmiş Ərəb Əmirliklərini məğlub etmək?
- Mənə lazımdır ki, futbolçularım özünü göstərib yaxşı oyun sərgiləsin.

- Az öncə milli komandanın iki futbolçusu – Samir Abbasovla Fərhad Vəliyev arasında qalmaqal yaranmışdı...
- Mən klubların işinə qarışa bilmərəm.

- Hər iki futbolçu İntizam Komitəsinin qərarı ilə ölkə çempionatında ən azından 3 oyunu buraxacaq.
- Bildiyimə görə, “İnter” İntizam Komitəsinin qərarından protest verib...

- Onların protesti qəbul olunmayıb.
- ...

- Kamran Ağayevin oyunundan razı qaldınız?
- O, penaltini dəf etdi.
0