“Onu “Qarabağ”a 400 min avroya da satarıq” - MÜSAHİBƏ
20.06.2014 - 17:07
“Onu “Qarabağ”a 400 min avroya da satarıq” - MÜSAHİBƏ

Türkiyənin “Samsunspor” klubunun meneceri Ümit Gürsoyun apasport.az saytına müsahibəsi

 

- Türkiyə mətbuatı hələ ötən ayın sonlarından “Qarabağ”ın sizə məxsus olan hücumçu Eldin Adiloviçi istədiyini yazırdı. Bu, nə dərəcədə doğrudur?

- Biz də sizin kimi bu xəbəri mətbuatdan eşitmişik. Açığı, istəsələr, onu satmağa hazırıq. Bildiyiniz kimi, Eldin ötən mövsüm “Samsunspor”da yaxşı çıxış edib və vacib qollar vurub. Bombardirimizi müəyyən məbləğ qarşılığında buraxmağa hazırıq.

 

- Deməli, sizə “Qarabağ” tərəfindən rəsmi təklif gəlməyib...

- Yox. Bizə Adiloviç üçün rəsmi təklif yalnız Almaniyanın “Kayzerslautern” klubundan gəlib. Ancaq eşitmişik ki, futbolçumuzu “Qarabağ” və Türkiyənin başqa komandaları da heyətində görmək istəyir.

 

- “Qarabağ”dan rəsmi təklif gələrsə, nə qədər pul istəyəcəksiniz?

- Onun transfer qiyməti 500 min avrodur. Amma düşünürəm ki, “Qarabağ”a 400 min avroya da onu satarıq. Çünki “Kayzerslautern” bizdən bu futbolçunu 300-350 min avroya almaq istəyirdi. Amma satmadıq. İndi isə fikirləşirəm ki, pula ehtiyacımız olduğu üçün 400 min avro qarşılığında Adiloviçi “Qarabağ”a vermək olar. Hətta onu “Qarabağ”dan başqa futbolçu ilə də dəyişmək mümkündür. Ümumiyyətlə, Adiloviçlə nigeriyalı hücumçumuz Aminu Umarı satmaq istəyirik. Oğuz Çətin Umar üçün artıq bizimlə əlaqə saxlayıb. Hələ rəsmi təklif göndərməsələr də, Oğuz hocanın futbolçumuzu “Xəzər Lənkəran”da görmək istədiyini bilirik.

 

- Bilirik ki, sizin I dəstədə 2 azərbaycanlı futbolçu legioner sayılmır. Bu baxımdan Azərbaycandan futbolçu almağı düşünürsünüzmü?

- Mən Azərbaycanı çox sevirəm. Dəfələrlə orda olmuşam. “Qarabağ”dan Bədavi Hüseynovu komandamızda görmək istəyirdim. Ötən il onun üçün Azərbaycana getmişdim. Yaxşı müdafiəçidir, sadəcə bəzi çatışmazlıqları var. Görək, bəlkə yenə onun üçün Azərbaycana gəldim. Amma onu da bilirəm ki, Hüseynovun “Qarabağ”la müqaviləsi var...

 

- Bayaq dediniz ki, Adiloviçi başqa futbolçu ilə də dəyişməyə hazırsınız...

- Elədir. Ötən il Avroliqa oyunu üçün Bakıya getmişdim. “Qarabağ”la “Pyast” oynayırdı. Polşa klubunda Martsin Robak adlı hücumçu oynayırdı, hazırda “Poqon”da çıxış edir. Onu göz altına almışdıq. Amma həmin görüşdə “Qarabağ”ın 20 nömrəli braziliyalı yarımmüdafiəçisinin oyunu çox xoşuma gəlmişdi. Düşünürəm ki, onu Adiloviçlə dəyişmək olar.

 

- Siz Riçard Almeyda de Oliveyranı nəzərdə tutursunuz. “Qarabağ” Çempionlar Liqasına hazırlaşdığından, çətin ki, onu dəyişsin...

- Bilirəm. Amma dəyişsələr, əla olardı. Mənə Azərbaycandan bir menecer tez-tez zəng vurur. Ancaq onun adını xatırlamıram. Mənə 4 klubla – “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” və bir də səhv etmirəmsə, “Qəbələ” ilə əməkdaşlıq təklif edib. İstəyir ki, “Samsunspor” adından ona vəkalətnamə verək ki, danışıqlarda özü iştirak etsin. Baxaq görək, necə edəcəyik...

 

Səbuhi TOFİQOĞLU

0