“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl hələ də Azərbaycan klubunun maraq dairəsindədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu təcrübəli qolkiperin meneceri Erdinç Şehit deyib.
“BeIN Sports” telekanalına açıqlama verən menecer Volkanın gələn mövsümü harda keçirəcəyinin hələ müəyyənləşmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıb.
Bununla belə, Erdinç Şehit Türkiyə millisinin sabiq üzvünün “Fənərbaxça”da qalmaq istədiyini söyləyib. O, əks təqdirdə 36 yaşlı qolkiperin karyerasını başa çatdıracağına işarə vurub: “Fənərbaxça” ilə maliyyə məsələsini müzakirə etməyimiz mümkün deyil. Biz pul söhbəti etmərik, bu, gönül məsələsidi. Volkan karyerasını “Fənərbaxça”da başa vuracaq. İndinin özündə belə, Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənər”dən başqa komanda istəmirik. “Transfer pəncərəsi” açıldıqdan sonra görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.
Qeyd edək ki, “Fənərbaxça” ilə müqavilə müddəti başa çatan Volkan Dəmirəlin adı bir müddət əvvəl “Qarabağ”la birgə hallanırdı.