“Qrupdakı yekun vəziyyətlə bağlı nəsə demək mümkün deyil. Çünki qarşıda hələ 5 tur var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Britaniya təmsilçisi əvvəlcə bu gün Yeni Zelandiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Matç öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Onil daha çox Azərbaycanla görüşü düşündüyünü bildirib.
O, heyətdəki itkilərin komandaya mənfi təsir etməyəcəyini düşünür: “İndi bütün diqqətimizi Bakıdakı görüşə yönəltmişik. Əgər Azərbaycanı səfərdə məğlub etsək, o zaman qrupun ikinci dövrəsinə uğurlu start götürmüş olacağıq və son görüşlərə daha yüksək ab-havada hazırlaşacağıq. Düzdü, heyətdə bir neçə itkilərimiz var. Əvvəllər bu qədər itki ilə üzləşsəydik, bəlkə də, uğur qazana bilməzdik. Amma son Avropa çempionatının ardından Şimali İrlandiya futbolu daha yüksək səviyyəyə gəlib və güclü oyunçuların sayı artıb. Fransadakı turnir yığmamızda böyük inkişafa təkan verdi. Rusiyadakı mundiala da vəsiqə qazanmaq üçün qalan matçlarda əlimizdən gələni edəcəyik”.
Baş məşqçi millimizlə qarşılaşmada meydana çıxacaq futbolçulara Yeni Zelandiya ilə görüşdə də şans verəcəyini söyləyib: “Heyətdə 6 dəyişiklik etməklə bağlı planım var. Əksər futbolçularımız mayda klublarının formasını geyinməyiblər. Sonuncu dəfə meydana çıxan futbolçumuz mayın 6-dan bəri oyun keçirməyib. Bu üzdən Yeni Zelandiya ilə yoxlama görüşü çox önəmlidi. Bakıda şans verəcəyim oyunçular Yeni Zelandiya ilə qarşılaşmada mümkün qədər çox meydanda qalmalıdılar ki, oyun praktikasından əziyyət çəkməsinlər. Komandada 5 Premyer Liqa oyunçusu var və onlardan çox şey gözləyirəm”.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.